Yuxarı
    Bağlamaq

    Bakıda QDİƏT ölkələri elm və texnologiya üzrə nazirlərinin iclası keçirilib

    Toplantıda qarşıdakı dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində yeni fəaliyyət planı təsdiqlənib

    Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilib.

    "Report"un xəbər verdiyi kimi, iclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik Fəaliyyət Planı, Bəyannamə və digər sənədlərin layihələri müzakirə edilərək qəbul olunub. Bu sənədlər QDİƏT-in Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun dekabrın 1-2-də Bakıda keçirilmiş iclasında ekspertlər tərəfindən hazırlanıb. Bu iclasda Azərbaycan adından Elmin İnkişafı Fondunun təqdim etdiyi 2 illik fəaliyyət planı da müzakirə edilərək qəbul olunub.

    Fəaliyyət planında bilateral əməkdaşlığın gücləndirilməsi, innovasiyalar, tədqiqiat infrastrukturu, kadr potensialına, xüsusilə də gənc tədqiqatçılara olan diqqətin artırılması, yay məktəblərinin təşkili, informasiya mübadiləsi, tədqiqiat və inkişaf üzrə şəbəkələrin fəaliyyətinin canlandırılması, beynəlxalq çərçivə proqramlarında fəal iştirak, layihələr fondunun reabilitasiyası və digər mühüm məsələlər əksini tapıb.

    Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasda QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib. Türkiyənin elm, sənaye və texnologiya naziri Isiq Fikri, Bolqarıstanın təhsil və elm naziri Todor Tanev, Rusiyanın təhsil və elm nazirinin müavini Venyamin Kaqanov, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, QDİƏT Daimi Beynəlxalq Katibliyinin baş katibi səfir Viktor Tvirkun və Katibliyin icraçı direktoru səfir Bratislav Dordevic, Yunanıstanın Azərbaycandakı səfiri Dimitros Tsounqas, QDİƏT-ə sədrlik edən Yunanıstanın koordinatoru səfir Mixael Xristides, Moldova Elmlər Akademiyasının vitse-prezidenti İon Tiginyanu, Rumıniyanın Azərbaycandakı səfiri Daniel-Kristian Kiobanu, Serbiyanın Azərbaycandakı səfiri Neboysa Rodiç, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev və akademik katibi Rasim Əliquliyev, bir sıra ali təhsil müəssisələrinin rektorları, dövlət və hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Azərbaycan 2014-cü il iyulun 1-dən etibarən QDİƏT-in Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda iki il müddətində ölkə əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.

    12 dövlətin üzv olduğu QDİƏT-in ali orqanı - Xarici İşlər Nazirləri Şurasıdır və üzv ölkələrin koordinasiyası işini təşkilatın İstanbul şəhərində yerləşən Daimi Beynəlxalq Katibliyi təşkil edir. QDİƏT-in fəaliyyəti isə əsasən işçi qrupları vasitəsi ilə həyata keçirilir. QDİƏT-in Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini ölkə əlaqələndiricisi - Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu əlaqələndirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi