Bakıda mövcud internet abunəçilərinin sayı açıqlanıb

Bakıda mövcud internet abunəçilərinin sayı açıqlanıb Bakı Telefon Rabitəsi İstehsalat Birliyində internetin inkişafına həsr olunmuş iclas keçirilib
İKT
17 Fevral , 2015 20:13
Bakıda mövcud internet abunəçilərinin sayı açıqlanıb

Bakı. 17 fevral. REPORT.AZ/ Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) özəl provayderlər və aidiyyəti qurumların iştirakı ilə internetin inkişafına həsr olunmuş iclas keçirilib.

“Report”un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, birliyin baş direktoru Beytulla Hüseynov qeyd edib ki, son 5 ildə Bakı şəhərində özəl provayderlərlə birlikdə internet abunəçilərinin sayı 400 minə yaxındır: "“Bakinternet” provayderinin abunəçilərinin sayı isə hazırda 170 mindir. “Ümumi beynəlxalq trafikin həcmi təxminən 40 GB-dən çoxdur. Bakı şəhərində internet abunəçilərinin sıxlığı 80%-dən çoxdur”. 

Kabel-kanalizasiya qurğularının genişləndirilməsi üçün layihələr üzərində işlərə başlanıldığını da deyən müəssisə rəhbəri “Bakinternet” provayderinin yeni platformada fəaliyyətinin təşkili üçün banklardan 6 milyona yaxın kredit götürüldüyünü, kreditlərin əldə olunan gəlirlər hesabına bağlanması üçün çalışdıqlarını bildirib.

Problemləri istisna etməyən baş direktor qarşıya çıxan çətinliklərdən danışarkən deyib ki, yeni binaların kabelləşməsində onların verdiyi texniki şərtin tələbi yerinə yetirilmirsə, onda həmin kabelləşmə həyata keçirilməyəcək. O qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, bina balansa götürülsə, BTRİB o binanın balansa götürülməsində birbaşa rol oynayır, rabitənin təşkil olunmasında onlar məsuliyyət daşıyırlar: "Yeni binaların hamısında özəl provayderlər verilən tələbləri icra edəcəksə, onda bu hal mümkün ola bilər. Bununla yanaşı, verilən texniki şərtin icrası təmin olunmalıdır. Hansı özəl provayder istəyirsə, istənilən ərazini götürsün və BTRİB-lə müqavilə bağlasın. Daha sonra onlar üçün lazımi şərait yaradılacaq".

Köhnə problemlərin 80 faizinin artıq həllini tapdığını deyən Azərbaycan İnternet Cəmiyyətinin (AİC) sədri Qalib Qurbanov hazırda gündəmdə daha çox internetin keyfiyyətinin yaxşılaşdırılması məsələsinin dayandığını bildirib.

Son xəbərlər

Orphus sistemi