Yuxarı
    Bağlamaq

    ​Bakıda e-tibbə həsr olunmuş konfrans keçiriləcək

    Konfrans mayın 24-də İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq

    Bakı. 5 may. REPORT.AZ/ AMEA İnformasiya Texnologiyaları İnstitutunda mayın 24-də keçiriləcək “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransına hazırlıq məqsədilə Təşkilat Komitəsinin iclası keçirilib.

    “Report” İnstituta istinadən bildirir ki, iclasda AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev vurğulayıb ki, bu tədbir elektron tibbin multidissiplinar xarakter daşıyan problemlərinə həsr olunan ilk konfransdır: “Konfrans e-tibbin müxtəlif problemlərinin müzakirəsi üçün müvafiq sahələr üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından mühüm əhəmiyyətə malikdir. Konfransın əsas məqsədi Azərbaycanda tibb, İKT sahələrində fəaliyyət göstərən elm və təhsil müəssisələrində aparılan tədqiqatların sistemləşdirilməsi, mövcud problemlərin həlli üçün birgə əməkdaşlıq, eləcə də informasiya cəmiyyəti kontekstində e-tibbin multidissiplinar problemlərinin elmi ictimaiyyətə çatdırılmasıdır. Bu konfrans elektron tibbin çoxaspektli problemlərinin həllinə töhfə verəcəyinə əminəm”.

    Daha sonra çıxış edən İnstitutun şöbə müdiri Məsumə Məmmədova “Elektron tibbin multidissiplinar problemləri” elmi-praktiki konfransına hazırlıq üzrə fəaliyyət planını təqdim edib, konfransın təşkili və hazırlıq işlərinin vəziyyəti haqqında ətraflı məlumat verib.

    Fəaliyyət planında nəzərdə tutulan təşkilati, texniki və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınıb.

    Qeyd edək ki, konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi