Bakıda "CRM - Bank və Biznes həlli" adlı konfrans keçirilib - FOTO

Bakıda "CRM - Bank və Biznes həlli" adlı konfrans keçirilib - FOTO Tədbir "CRM Group" şirkətinin təşkilatçılığı ilə keçirilib
İKT
2 Mart , 2016 10:38
Bakıda CRM - Bank və Biznes həlli adlı konfrans keçirilib - FOTO

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda maliyyə sektorunda müştəri əlaqələri menecmenti (CRM) və marketinqinə həsr olunmuş "CRM-Bank və Biznes həlli" adlı seminar-konfrans keçirilib.

"Report" xəbər verir ki, "CRM Group" şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə, əsasən Azərbaycanda maliyyə sektorunda CRM və Marketinq sisteminin inkişafı, bu gün banklarda "debt collection"un tətbiqi, problemli kreditlərin idarə olunması, bank məhsullarının (proqram təminatları) bu sahədə rolu, front-həllər, Azərbaycanda yeni Rabitə / Biznesin Avtomatlaşdırma Sistemlərinin (ERP/CRM) qurulması və s. mövzular müzakirə olunub.

Rusiya və Ukraynadan gələn mütəxəssislərin iştirak etdikləri seminar əsasən maliyyə menecerləri, biznesin inkişafı menecerləri, büdcə və proqnozlaşdırma, müştəri əlaqələri menecmenti sahəsində məşğul olan iş adamları üçün xüsusi maraq kəsb edib. Tədbirdə müştərinin cəlb olunması, saxlanılması və stimulun inkişafı məsələlərinə də yer verilib.

"CRM Group"un direktoru Ramin Süleymanov tədbirin açılışında bildirib ki, yeniliklərin tətbiqi üçün hədəflərdən biri də maliyyə sektorunda CRM sisteminin formalaşdırılmasıdır. O, Azərbaycandakı bankların 80%-i ilə danışıqlar apardıqlarını deyib. Onun sözlərinə görə, bankların təxminən 95%-nin hesabatları Excel proqramı ilə idarə olunur: "Bu isə, əlbəttə, onların idarəetmə işlərini çətinləşdirir".

"Terrasoft"un departament direktoru Ruslan Kobal çıxışında bank sektorunda innovasiyadan danışıb. O bildirib ki, hazırda banklar öz proseslərinin genişləndirilməsinə baxırlar. Onun sözlərinə görə, müştərilərlə işdə innovasiyanın tətbiqi üçün hazırda uğurlu vaxtdır: "Əvvəlki vaxtlarda banklar bir-biri ilə komissya haqqı, faizlərlə rəqabət edirdilərsə, müasir dövrdə əsasən xidmət keyfiyyəti əsas rol oynayır. Maliyyə sektorunda da bunu anlayırlar. Müştərilər üçün əsas məsələ məhsul və xidmətin rahat və asan olması məsələsi hazırda önə keçib."

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Cəmşid Naxçıvanski isə öz çıxışnda artıq elektron hökumət portalına 40-dan artıq dövlət qurumunun qoşulduğunu bildirib: "Bundan sonra biznes qurumlarını görmək istəyirik. Bu portalda artıq bir bank da xidmət göstərir. Portalla yanaşı banklar da portalda öz xidmətlərini göstərməyə maraqlı olmalıdırlar. Maraqlı banklar öz xidmətlərini portlada təklif edə bilər."

"Paşabank"ın departament direktoru Fuad Aslanov isə bildirib ki, CRM yaxud digər sistemlər sadəcə alətdir və əsas məsələ həmin sistemin nə üçün istifadə olunmasıdır: "Paşabank"da hazırda CRM sistemi var. Elə layihələr valyuta ilə alındığı üçün bəzi banklar üçün indiki durumda genişlənməyəcəyini düşünürəm. Bizdə vəziyyət fərqlidir. Bizim biznes durumumuz daha stabildir. Hazırda bizim bankda nəhəng, bütün bank üçün CRM sistem yoxdur. Lakin kiçik biznes üçün CRM var. Gələcəkdə biznesin konkret tələblərinə cavab verən CRM sistemi inteqrasiya oluna bilər".

Qeyd edək ki, "CRM Group" şirkəti Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərir. Şirkətimiz biznes xidmətləri, CRM-sistemləri, WMS Sistemləri, ERP Sistemləri, HRM Sistemləri, analitik sistemlər, Monitorinq və İT-infrastrukturun idarə edilməsi, İТ-autsorsinq sahələri üzrə ixtisaslaşıb. Şirkətin dövlət və özəl qurumlarla həyata keçirdiyi layihələrində həm yerli, həm də xarici ekspert və analitiklər iştirak edirlər. "CRM Group"un Türkiyə və Dubayda da bölmələri fəaliyyət göstərirlər. "CRM Group" dünya liderləri olan "Microsoft", "Oracle", "1C", "TerraSoft" kimi brendlərin rəsmi nümayəndəsidir.

Son xəbərlər

Orphus sistemi