Yuxarı

"Bakcell" və "Wayra UK" yerli developerlər üçün müsabiqə təşkil edib

Wayra UK şirkətinə 11 layihə qrupu öz layihələrini təqdim edib

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti özünün “AppLab” layihəsi ilə əməkdaşlıq edən yerli developerlər üçün müsabiqə (pitch day) təşkil edib.

Şirkətdən “Report”a bildirilib ki, “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı hissəsi olan “Wayra UK” şirkətinə 11 layihə qrupu öz layihələrini təqdim edib. Bu, "Flapus", "QuizMindUp", "BraillePad", "Alkredit.az", "FoodLook", "Ustam", "Spinal", "Shrippy", "Tradimum", "MobChannel" və "Kvotter" qruplarıdır.

“Wayra” şirkətinin məsləhətlərinə əsasən, developerlər “AppLab” akselerasiya proqramının dəstəyi ilə təqdim etdikləri layihələrin təkmilləşdirilməsi üzərində işləyəcək. Bu ilin sentyabr ayında isə onlar layihələrini Londondakı Wayra Akademiyasında təqdim edərək, “Wayra UK” şirkətindən investisiya almaq imkanını qazanacaq.

"AppLab" layihəsi ilə işləyən developerlərin “Wayra UK” kimi potensial investorların diqqətini cəlb edə bilməsini görmək bizim üçün olduqca xoşdur. “AppLab” layihəsinin məzunlarından biri 2015-ci ildə 89 ölkədən təqdim olunan 800 startap ideyası arasında ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan edilib. İndiki zaman Azərbaycanda startap icmasının parlaq gələcəyinin astanası hesab oluna bilər. Milli mobil operator olaraq, bu icmanın bir hissəsi olmaqdan fəxr hissi duyuruq və dəyərli tərəfdaşlarımızla birgə yerli developerlərə dəstək göstərmək üçün səylərimizi davam etdirəcəyik”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç qeyd edib.

“Wayra UK” şirkətinin Akselerasiya proqramının meneceri Harri Deyvis isə bildirib ki, Azərbaycan hazırda telekommunikasiya sənayesi üçün çox maraqlı və cəlbedici bir məkandır: “Gördüyümüz layihələr arasında nəinki yerli bazarda, hətta dünya miqyasında inqilabi potensiala malik olan bir sıra texnoloji biznes layihələri var. İndi əsas məsələ bu layihələri gerçəkləşdirmək üçün ciddi səy göstərməkdir. “Wayra” və “Bakcell” şirkətlərinin təşkil etdiyi müsabiqənin (pitch-day) misalında reallaşan beynəlxalq əməkdaşlıqla bərabər kapitala çıxış imkanları artdıqca, bu sistem kifayət qədər ümidverici görünür”.

Qeyd edək ki, “Bakcell” və “Wayra UK” şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonunda başlayıb. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. “Wayra UK” qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. “Applab”, “Bakcell” və “Wayra UK” Azərbaycanın bütün gənc developerlərinə, sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi