Yuxarı
    Bağlamaq

    "Bakcell" və "Huawei" birgə layihənin icrasına başlayıb

    Bir il ərzində həyata keçiriləcək layihə 4 hissədən ibarət olacaq

    Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün “Huawei Azerbaijan” şirkətinin ölkənin ilk mobil rabitə operatoru olan “Bakcell” ilə birgə həyata keçirdiyi “Gözel Azerbaycan” layihəsinin təqdimat mərasimi keçirilib. “Report” xəbər verir ki, bu gündən start götürən sosial layihənin əsas məqsədi Azərbaycanı tanıtmaqdır. Bir il ərzində həyata keçiriləcək layihə 4 hissədən - “Gözəl zəkalar”, “Gözəl mədəniyyət”, “Gözəl xalq” və “Gözəl təbiət” adlı layihələrdən ibarət olacaq. Hər bir buraxılışın ayrıca proqramı olacaq layihə Bakı və Azərbaycanın digər regionlarını əhatə edəcək.

    Tədbirdə çıxış edən “Huawei Azerbaijan” şirkətinin baş icraçı direktoru Cao Zejun bildirib ki, 15 ildən artıq müddətdə Azərbaycanda fəaliyyət göstərən şirkət Azərbaycanı və bu xalqı dünyada tanıtmaqla daha irəli aparmaq məqsədi ilə layihəni reallaşdırmağı qərara alıb: “1987-ci ildə yaranan “Huawei” fəaliyyət göstərdiyi müxtəlif sahələrdə bir sıra sosial layihələri icra edib. 2014-cü ildə şirkətimiz 5,5 mlrd. dollar gəlir əldə edib. Ötən il Çinə səfər edən Azərbaycanın ölkə başçısı şirkətin baş ofisinə baş çəkib. Bu, Azərbaycanda ilk layihəmiz olmasa da, ən böyük sosial layihələrdən biri olacaq. Bu, sadəcə bir başlanğıcdır. Şirkət olaraq Azərbaycanda birgə bir çox təşəbbüsləri həyata keçirəcəyik”.

    Layihənin istiqamətlərindən danışan C.Zejunun sözlərinə görə, “Huawei” artıq Naxçıvanda “Gözəl düşünən beyinlər” layihəsinin bir hissəsi olan “Seeds for the Future” proqramına başlayıb: “Naxçıvandan 6 tələbə Çində yerləşən “Huawei” mərkəzlərində keçirilən praktika üçün seçilib. Layihənin “Gözəl təbiət” istiqaməti üzrə Azərbaycan təbiətinin zənginliyi, fərqliliyi və gözəlliyi nümayiş olunacaq. Layihənin foto yarışının qalibləri şirkət tərəfindən mükafatlandırılacaq. “Gözəl xalq” layihəsində məqsəd Azərbaycan xalqının həyat hekayələrini paylaşaraq, daxili gözəlliklərini üzə çıxarmaqdır. “Gözəl mədəniyyət” layihəsi çərçivəsində isə Azərbaycanın müxtəlif güşələrində mədəni və əyləncəli tədbirlər təşkil olunacaq”.

    Daha sonra çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov qeyd edib ki, hazırda Nazirlik tərəfindən Azərbaycanda telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi üçün yenilənmə işləri aparılır: “Artıq ölkədə fəaliyyət göstərən hər üç mobil operatora 4G şəbəkəsinin genişləndirilməsi üçün lisenziyalar verilib. Bu gün Azərbaycanın ən ucqar əraziləri belə gözəlləşir, inkişaf edir. Bu layihə ilin sonunda yekunlaşanda artıq biz proqramın necə əhəmiyyətli olduğunu görəcəyik. “Huawei” nəinki Azərbaycan, ümumiyyətlə dünya bazarında da öz layiqli yerini tutub. Bu işdə zəhməti olan şirkətlərə və hər kəsə təşəkkür edirəm”.

    Çinin Azərbaycandakı səfiri Honq Jiuyin öz növbəsində vurğulayıb ki, iqtisadiyyatın inkişaf etməsi üçün iki ölkə arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək lazımdır: “Çinlə Azərbaycan arasında dostluq münasibətləri 25 il əvvəl qurulub. “Huawei” Azərbaycanda fəaliyyət göstərən ilk Çin şirkətlərindən biridir. Bu layihənin əsas məqsədi Azərbaycanı, onun mədəniyyətini, təbiətini, xalqını dünya ictimaiyyətinə çatdırmaqdır. Biz inanırıq ki, bu layihə çox uğurlu olacaq, nəticədə Azərbaycana daha çox Çin şirkətləri cəlb olunacaq”.

    “Bakcell” prezidenti Nikolay Bekers hər iki şirkətin birgə bir çox layihə və təşəbbüsləri həyata keçirdiyini deyib: “Hesab edirəm ki, sosial məsuliyyət hər bir şirkətin ən öndə duran məqsədi olmalıdır. Biz bu layihə çərçivəsində Azərbaycanın zəngin tarixini, mədəniyyətini, ənənələrini tanıdacağıq. Layihəmizi dəstəklədiyi üçün Azərbaycan hökuməti və Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinə təşəkkür edirəm”.

    Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, 170 ölkədə nümayəndəliyi olan “Huawei” 500 şirkətin yer aldığı qlobal siyahıda 200-cü yerdədir. Hazırda şirkətin dünya üzrə 176 min işçisi var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi