​"Bakcell" pulsuz Wi-Fi şəbəkəsini genişləndirir

​"Bakcell" pulsuz Wi-Fi şəbəkəsini genişləndirir R.Şirer: "Bu gün mobil internet artıq sabit internet əlaqəsini üstələyir"
İKT
26 Noyabr , 2015 17:48
​Bakcell pulsuz Wi-Fi şəbəkəsini genişləndirir

Bakı. 26 noyabr. REPORT.AZ/ "Bakcell" şirkəti Bakı şəhəri və Abşeron yarımadasının 200-dən artıq nöqtəsində abunəçiləri üçün pulsuz Wi-Fi şəbəkəsi təqdim edib.

"Bakcell"dən "Report"a verilən məlumata görə, istifadəyə verildiyi vaxtdan bu günə kimi Wi-Fi internet xidmətindən 50 mindən artıq "Bakcell" abunəçisi və bu şəbəkəni seçərək rouminq xidmətindən istifadə edən xarici qonaqlar yararlanıb. Şirkət şəbəkəni Azərbaycanda daha çox mədəni, tarixi, təhsil, əyləncə və digər yerlərini əhatə edərək genişləndirməkdə davam edir.

"Məqsədimiz odur ki, "Bakcell"in mobil internet xidmətindən hər yerdə istifadə etmək mümkün olsun. Wi-Fi xidmətinin göstərilməsinə təxminən iki il əvvəl başlamışıq. Hazırda şirkət Azərbaycanda ən geniş Wi-Fi şəbəkəsini təmin edir. Bu gün mobil internet artıq sabit internet əlaqəsini üstələyir və bu tendensiya davam etməkdədir. "Bakcell" ən son texnologiyalardan istifadə edərək Bakıda və Abşeron yarımadasında bu günə ən yaxşı, ən sürətli və ən geniş Wi-Fi şəbəkəsi qura bilib", - "Bakcell"in baş icraçı direktoru Riçard Şirer bildirib.

"Bakcell" 3G və 4G şəbəkələrinin əhatə dairəsini genişləndirərək və Wi-Fi zonalarının sayını daha da artıraraq, abunəçilərini ən mükəmməl şəbəkə təcrübəsi ilə təmin etmək üçün öz şəbəkəsinə sərmayə yatırmaqda davam edir.

Qeyd edilir ki, hazırda abunəçilər Dənizkənarı Milli Park, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Tibb Universiteti, Qubernator bağı, Elmlər Akademiyası parkı, Fəvvarələr meydanı, Sahil parkı, Hüseyn Cavid parkı, Rixard Zorge parkı, Malakan bağı, Qış bağı və bir çox digər mədəni-tarixi və istirahət yerlərində quraşdırılan nöqtələrdə "Bakcell"in yüksəksürətli pulsuz Wi-Fi şəbəkəsindən istifadə edirlər.

Pulsuz Wi-Fi xidməti ötən ilin yayından 189 taksi sifarişi xidmətinin nəqliyyat vasitələrində, 10 avtobus dayanacağında və paytaxtdakı 77 saylı sərnişin avtobus marşrutunda da mövcuddur.

Son xəbərlər

Orphus sistemi