Yuxarı

​“Bakcell” əməkdaşları tələbələrlə görüşüb

Görüş Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri ilə olub

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüş keçiriblər. 

Şirkətdən “Report”a bildirilib ki, görüş zamanı bu il 20 illiyini qeyd edən “Bakcell” nailiyyətləri, tələbə və məzunlar üçün təşkil olunan “Smart Start” təcrübə proqramı, “AppLab” innovativ mobil developer layihəsi barədə məlumat verilib.

Bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir. “Smart Start” proqramında təcrübə müddəti iki ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədi ilə iki ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar. Bununla yanaşı, “Smart Start” proqramının bütün məzunları şirkətdə açılan iş yerlərinə potensial namizəd hesab olunurlar.

Qeyd edək ki, ötən ildə “Smart Start” təcrübə proqramında iştirak etmək üçün “Bakcell”ə 2 min nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrindən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirən ən fəal və perspektivli 3 gənc “Bakcell”də işlə təmin olmaq imkanını əldə ediblər.

“AppLab” isə regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilən developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilən icra modelidir. Şirkət mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi