Yuxarı
    Bağlamaq

    Bakı Telefon Rabitəsi İstehsalat Birliyində "Bakinternet" internet xidmətinin mövcud provayder platformasının genişləndirilməsi işlərinə başlanıb

    Yeni platforma alternativliyi təmin edilməklə 100 Gbit/s -ə qədər informasiya daşınması sürətinə malik olacaqdır

    Bakı. 2 sentyabr. REPORT.AZ / Bakı Telefon Rabitəsi İstehsalat Birliyində "Bakinternet" internet xidmətinin mövcud provayder platformasının genişləndirilməsi işlərinə başlanıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni platforma istifadəyə veriləndən sonra Bakı şəhərində internet resurslarına çıxış daha sürətli və yüksək keyfiyyətlə təmin ediləcək. Belə ki, ən böyük yükləmə saatında eyni vaxtda onlayn rejimində şəbəkəyə qoşulan abunəçilərin sayının 250 minə çatdırılması nəzərdə tutulur.

    Yeni platforma alternativliyi təmin edilməklə 100 Gbit/s -ə qədər informasiya daşınması sürətinə malik olacaqdır. Platforma avadanlıqları bu sahə üzrə çox böyük təcrübəyə malik, dünyada qabaqcıl yeri tutan İT şirkətinin istehsalıdır.

    Qeyd edək ki, mövcud platformanın genişlənməsində əsas hədəflərdən biri də gələcəkdə Azərbaycanda internet şəbəkəsinin İPv4 ünvan resurlarından daha geniş imkana malik İPv6 ünvan resurlarına keçidini təmin etməkdir.

    E.Qədirov qeyd edib ki, hazırda bütün dünyada internet resurslarının mərhələli şəkildə İPv4 -dən İPv6 -ya keçirilməsi prosesi davam edir. Bu nöqteyi-nəzərdən Azərbaycanda ilkin olaraq aparıcı mövqedə duran "Bakinternet" dövlət internet provayderi də öz platformasının gözlənilən dəyişikliyə hazırlığını təmin etməkdədir.

    Qeyd edək ki, hazırda "Bakinternet" abunəçilərinin sayı 160 min nəfərdən, digər provayderlər üzrə isə 100 min nəfərdən çoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi