“Azərkosmos” yeni əməkdaşlıq müqavilələri imzalayıb

“Azərkosmos” yeni əməkdaşlıq müqavilələri imzalayıb Bu əməkdaşlıq "Azerspace-1" peykinin orbital mövqeyi və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək
İKT
7 Noyabr , 2016 15:55
“Azərkosmos” yeni əməkdaşlıq müqavilələri imzalayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ “Azərkosmos” ASC Misir, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Avropa regionunda aparıcı peyk xidmətləri təklif edən “DCS Telecom” və “Don Telecom” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.

Bu barədə “Report”a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Müqavilələrə əsasən, hər iki şirkət “Azerspace-1” peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə - internet, şəbəkə, səs, video, mobil, inteqrasiya olunmuş mürəkkəb informasiya sistemlərinin tətbiqini, xüsusi həlləri və digər data xidmətlərini təqdim edəcək.

"Azərkosmos", "DCS Telecom" və "Don Telecom" arasında qurulan bu əməkdaşlıq “Azerspace-1” peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək" - nazirlikdən bildirilib.

Qeyd edək ki, “DCS Telecom” və “Don Telecom” şirkətləri dünyanın qabaqcıl telekommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətləridir. Eyni zamanda, peyk operatoru Türkiyənin “Radyo Akman”, “Radyo Derman” və “Radyo Efsana” radio kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalları “Azerspace-1” peyki üzərindən 2016-cı ilin noyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.

Son xəbərlər

Orphus sistemi