Yuxarı

"Azərkosmos"da "Azersky" peykindən əldə olunan təsvirlərin istifadəsinə dair seminar keçirilib

Tədbir Fransanın Airbus Defence and Space şirkətinin əməkdaşları ilə birgə reallaşdırılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ "Azərkosmos” ASC Yer səthinin məsafədən müşahidəsi sahəsində böyük təcrübəsi olan Fransanın "Airbus Defence and Space" şirkətinin əməkdaşları ilə birgə “Azərbaycanda təbii sərvətlərin idarə edilməsində coğrafi məlumatların potensial töhfəsi” mövzusunda seminar keçirib.

"Azərkosmos"dan "Report"a verilən məlumata görə, seminar peyk təsvirlərinin aidiyyəti sahələrdə tətbiqinə həsr olunmuş silsilə tədbirlərdəndir. Belə ki, bu ilin aprel ayında "Azersky" peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatı və kadastr məqsədləri üçün, may ayında isə müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə dair analoji seminarlar keçirilib.

"Azersky" peykinin təbii sərvətlərin idarə edilməsində tətbiqi barədə aidiyyəti benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Energetika Nazirliyi, Elmin İnkişafı Fondu, AMAKA, “Azərsu” ASC, BMT-nin İnkişaf Proqramı, AMEA, Milli Aviasiya Akademiyası və Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Seminar çərçivəsində "Azərkosmos" və "Airbus Defence and Space" şirkətlərinin mütəxəssisləri tərəfindən "Azersky", "SPOT 6" və "Pleiades" peyklərinin texniki xüsusiyyətləri, peyk təsvirlərinin ətraf mühitin öyrənilməsində istifadəsi, geoməkan tədqiqatları,ətraf mühitlə bağlı fövqəladə hallar zamanı yaranan risklər, kəşfiyyat və hasilat xidmətləri haqqında ümumi məlumat, geoloji tədqiqatlar, neft sızıntıları və dağ-mədən sənayesində peyk təsvirlərindənistifadə mövzularında təqdimatlar keçirilib. Əlavə olaraq, seminar iştirakçılarına 2015-ci ildə "Azersky" peykindən əldə olunmuş təsvirlərin tətbiq olunması ilə həyata keçirilən layihələr: 2015-ci ilin may-iyun aylarında Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə törədilmiş yanğınların monitorinqi, Hirkan milli parkının kosmik monitorinqi, Hacıqabul gölünün akvatoriyasinin kosmik monitorinqi, dövlət sərhədlərinin monitorinqi və s. layihələr barədə məlumat verilib.

Bununla yanaşı, seminarda Torpaq Sahələrinin İdentifikasiya Sistemi (TSİS) layihəsi çərçivəsində peyk təsvirlərindən istifadə barədə də məlumat verilib. TSİS Azərbaycan e-Kənd təsərrüfatı sisteminin tərkib hissəsi olub, kənd təsərrüfatına birbaşa dövlət dəstəyinin idarə olunması və bu dəstəyə nəzarətin həyata keçirilməsi üçün əsas istinad sistemi hesab olunur. Sistemin yaradılmasında 20 177 kv. km ərazinin peyk təsvirlərindən istifadə edilməsi qərara alınıb. Bu məqsədlə "Azərkosmos" ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya Müəssisəsi arasında müqavilə imzalanıb və qeyd olunan ərazilərin peyk təsvirləri "Azərkosmos" tərəfindən təmin olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi