"Azercell" şirkətdə 20 il çalışan işçilərini mükafatlandırıb

"Azercell" şirkətdə 20 il çalışan işçilərini mükafatlandırıb Yubiley yığıncağında şirkətin departament direktorları, aparıcı əməkdaşları iştirak ediblər
İKT
15 Dekabr , 2016 20:10
Azercell şirkətdə 20 il çalışan işçilərini mükafatlandırıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telecom" şirkəti 20 illik yubileyi münasibəti ilə şirkətdə ilk gündən çalışan işçiləri üçün görüş təşkil edib.

Şirkətdən "Report"a verilən xəbərə görə, görüş zamanı çıxış edən "Azercell"in prezidenti Vahid Mürsəliyev şirkətin 20 ildə keçdiyi yola qısa nəzər salaraq, hazırda gəlib çıxdığı səviyyəni dəyərləndirib. O qeyd edib ki, "Azercell" təqdim etdiyi xidmətlər sayəsində abunəçilərinin hər kəsdən və hər zaman bir addım irəlidə olmasını təmin etməkdə israrlıdır: “Hazırda beynəlxalq şirkətin bir hissəsi olan "Azercell" nəinki ölkənin, ümumilikdə regionun qabaqcıl mobil operatorudur. Biz bu mövqeyə gəlib çatmaq, müştərilərimizin sonsuz etibarını qazanmaq üçün çox işləmişik. Abunəçilərimizə qarşı dürüst olmuşuq, onlara hörmətlə yanaşmışıq. Əminəm ki, dəyərlərimizə və biznes prinsiplərimizə sadiq qalaraq, bundan sonra da öncüllüyümüzü qoruyub saxlayacaq, daha da inkişaf edəcəyik”.

V.Mürsəliyev şirkətin yarandığı gündən işləyən, 20 ildir "Azercell"də əmək sərf edən əməkdaşlarını mükafatlandırıb. Onlara xatirə hədiyyələri, sertifikatlar təqdim edib, gələcək işlərində daha böyük uğurlar arzulayıb. Şirkət prezidenti bildirib ki, istənilən şirkətin uğur qazanmasında ən başlıca faktor onun peşəkar komandasının mövcudluğu, əməkdaşlarının işə məsuliyyətli yanaşması ilə bağlıdır: "Bu baxımdan "Azercell"in bəxti gətirib, çünki məhz sadiq əməkdaşları sayəsində şirkət indiki lider mövqeyinə gəlib çata bilib. Hazırda "Azercell"in peşəkar işçiləri digər şirkətlərdə təlimlər keçir, xarici ölkələrdə işləyirlər. Eyni zamanda, şirkət rəhbərliyi də öz işçilərinin səylərini yüksək qiymətləndirir".

Yubiley yığıncağında "Azercell"in departament direktorları, aparıcı əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, 20 il əvvəl - 1996-cı il dekabrın 15-də "Azercell" Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. "Azercell" yeni nəsil telekommunikasiya şirkəti kimi daim öndə olmağı, hər kəsin etibar etdiyi operator kimi qalmağı, daha yeni yüksəklikləri fəth etməyi hədəfləyir.

Son xəbərlər

Orphus sistemi