“Azercell” ölkədə ilk “VoLTE” texnologiyalı zəngi reallaşdırıb

“Azercell” ölkədə ilk “VoLTE” texnologiyalı zəngi reallaşdırıb Bakı. 14 dekabr. REPORT.AZ/ “Azercell Telekom” MMC telekommunikasiya sektorunda daha bir yeniliyə imza atıb. 
İKT
14 Dekabr , 2017 13:21
“Azercell” ölkədə ilk “VoLTE” texnologiyalı zəngi reallaşdırıb

Bakı. 14 dekabr. REPORT.AZ/ “Azercell Telekom” MMC telekommunikasiya sektorunda daha bir yeniliyə imza atıb. 

Bu barədə “Report”a şirkətin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın mobil rabitə bazarına GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və 4G xidmətini təqdim edən “Azercell” bu dəfə ilk “VoLTE” (LTE texnologiyası üzərindən zəng) zəngi reallaşdırıb.

“Bakutel 2017” sərgisində “Azercell” rabitə texnologiyaları və xidmətləri sahəsində dünya lideri “Ericsson” şirkəti ilə birgə “VoLTE” texnologiyasının açıq nümayişini həyata keçirib və bu Azərbaycanın kommersiya sahəsində edilmiş ilk “VoLTE” zəng olub. “Ericsson” şirkəti “VoLTE” zəngini sınaqdan keçirmək üçün lazım olan bütün texniki həlləri, o cümlədən İMS platforması, təkmilləşdirilmiş verilənlər şəbəkəsi və radio rabitə avadanlığı təmin edib.

“VoLTE” texnologiyası 4G (LTE) şəbəkəsi vasitəsilə səsli zənglər həyata keçirməyə və abunəçilərə ən yüksək keyfiyyətli (HD) səsli və video zəng xidmətlərindən faydalanmağa imkan verir. LTE şəbəkəsində məlumatlar yüksək keyfiyyətlə ötürüldüyü üçün “VoLTE” zəngləri HD keyfiyyətə malikdir və heç bir arxa səs effekti yaratmır. Bundan əlavə, “VoLTE” imkanlarını dəstəkləyən mobil qurğular bu texnologiyanı dəstəkləyir və heç bir kənar əlavənin (OTT) tətbiq olunmasını tələb etmir. “VoLTE” texnologiyası vasitəsilə bir mobil telefondan digərinə zəng vasitəsilə qoşulmaq üçün tələb olunan vaxt da əhəmiyyətli dərəcədə azdır. “VoLTE” texnologiyası, həmçinin, abunəçilərə zəng edərkən və ya zəngləri qəbul edərkən belə 4G şəbəkəsində qalmağa imkan verir. Bu o deməkdir ki, istifadəçi eyni zamanda həm səsli zəngdən yararlana, həm də digər tətbiqlər üçün yüksək sürətli internetdən faydalana bilər.

“Ericsson” şirkətinin Azərbaycan ofisinin rəhbəri Arda Cetinerin sözlərinə görə, “VoLTE” sınaq zəngi Azərbaycanda innovativ mobil texnologiyaların inkişafında vacib bir hadisədir:” Biz əminik ki, VoLTE texnologiyasının təklif etdiyi imkanlar yaxın müddətdə kommersiya sahəsində tətbiq olunacaq. Biz bu istiqamətdə “Azercell”ə dəstək göstərməkdən qürur hissi keçiririk. Bu texnologiya ölkədəki abunəçilərə ən keyfiyyətli xidmətlərdən faydalanmağa imkan yaradacaq. Belə ki, “VoLTE” səs keyfiyyətini daha təkmilləşdirəcək və daha geniş ünsiyyət imkanları yaradacaq”.

Qeyd edək ki, “Azercell Telekom” MMC “Bakutel 2017” sərgisində həm biznes, həm də asudə üçün faydalı olan mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələri ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi