"Azercell": Nömrədaşıma xidməti gözləntiləri doğrultmayıb

"Azercell": Nömrədaşıma xidməti gözləntiləri doğrultmayıb Mobil operatorun 4 400 abunəçisi rəqib operatorların şəbəkəsinə keçib
İKT
18 Fevral , 2015 16:53
Azercell: Nömrədaşıma xidməti gözləntiləri doğrultmayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanda mobil rabitə nömrələrinin daşınması xidmətinin tətbiqinin nəticələri operatorların gözlədiyi kimi olmayıb. “Report” xəbər verir ki, bunu "Azercell Telecom"un icraçı direktoru Vahid Mürsəliyev deyib: "Nömrələrin daşınması layihəsi başlayanda kütləvi nömrədaşımalar olacağı gözlənilirdi, amma belə bir şey olmadı".

V.Mürsəliyev bildirib ki, 2014-cü il fevralın 1-dən tətbiq olunan bu xidmət passiv qarşılanıb: "Hazırda 3 mobil oparator var və hansısa operatordan kütləvi keçmələrin baş verdiyini demək olmaz. İl ərzində 4 140 nəfər digər operatorlardan "Azercell"ə gəlib, təxminən 4 400 nəfər də "Azercell"dən digər mobil operatorlara keçib".

Bakı Metropoliteninin ərazisində, tuneldə rabitə şəbəkəsinin fəaliyyəti ilə bağlı sualları cavablandıran şirkətin Texnoloji yeniliklər Departamentinin rəhbəri Mikael Forsberq (Mikael Forsberg) bildirib ki, 2015-ci ildə də şəbəkənin metronun 100% tutması mümkün olmayacaq. O deyib ki, bu çətin texniki bir işdir: "2015-ci ildə bununla bağlı işlər görüləcək, amma bununla bağlı böyük irəliləyişin əldə olunması hələ gözlənilmir".

"Azercell"in strateji tərəfdaşlıq şöbəsinin müdiri İmran Bağırov bu il mobil internet və danışıqlarda 60%-ə qədər endirimin ediləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi