"Azercell" Bakı və Abşeronda 4G şəbəkəsini 85%-ə qədər gücləndirib

"Azercell" Bakı və Abşeronda 4G şəbəkəsini 85%-ə qədər gücləndirib ​Vahid Mürsəliyev: "Bu il "Azercell" abunəçilərə 2 minə qədər "İPhone 7" smartfonu verib"
İKT
29 Noyabr , 2016 15:20
Azercell Bakı və Abşeronda 4G şəbəkəsini 85%-ə qədər gücləndirib

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC “Bakutel 2016” beynəlxalq İKT sərgi-konfransında stend ziyarətçilərinə yüksək sürətli mobil internetin gücünü nümayiş etdirir.

“Report” xəbər verir ki, buraya müxtəlif "smart" cihazlar, o cümlədən məlumatların toplanması və mübadiləsi, mövcud şəbəkə infrastrukturunda obyektlərin uzaqdan idarə edilməsi, iş mühitində effektivliyin artırılmasına səbəb olan elektron cihazlar, proqram təminatı ilə təchiz edilən intellektual nəqliyyat sistemi ilə təmsil olunan "Əşyalarıın İnterneti" (Internet of Things) daxildir.

“Azercell”in prezidenti Vahid Mürsəliyev çıxışında bildirib ki, şirkət 2017-ci ildə abunəçilərinə 15 mln. manatlıq smartfon təqdim etməyi nəzərdə tutub: “Növbəti il müxtəlif kampaniyalar çərçivəsində abunəçilərimizə 15 mln. manatlıq smartfon paylamağı planlaşdırırıq. Burada əsas məqsəd müştərilərimizin mobil internetdən rahat şəkildə istifadəsini təmin etməkdir. Yeni ildə gətiriləcək smartfonların əksəriyyəti “İPhone” modeli olacaq. Bu il ilkin mərhələdə abunəçilərə 2 minə qədər “İPhone 7” smartfonu verilib. Ümumiyyətlə hər zaman olduğu kimi, gələn il də şirkət abunəçilərini keyfiyyətli internet, şəbəkə və digər xidmətlərlə təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirəcək”.

V.Mürsəliyevin sözlərinə görə, “Azercell” bu il Bakı və Abşeron yarımadasında 4G şəbəkəsinin 85%-ə qədər gücləndirilməsinə nail olub: “Şirkət gələn ildən başlayaraq Azərbaycanın bütün bölgələrində 4G şəbəkəsini daha da genişləndirməyi hədəfə alıb. Eyni zamanda, bu ilin may ayından başlayaraq, bütün “Azercell” abunəçiləri 4G xidmətini dəstəkləyən SİM-kartlarını ödənişsiz əldə etmək imkanı qazanıb. Nəticədə, müştərilərimiz arasında 2016-cı il üzrə mobil internetdən istifadə həcmi 60% artıb. Hazırda “Azercell” ölkədə ilk və ən geniş LTE (4G) şəbəkəsini təqdim edir”.

Şirkətin sərgidə olan stendi üç hissədən ibarətdir. Burada ən son texnoloji innovasiyalar və “Azercell”in yüksək sürətli internet əsasında təmin etdiyi müxtəlif məhsullar, xidmətlər, məsələn, artıq məşhur olan “Bookmate” əlavəsi, "Video streaming" (video axını), eləcə də "Əşyaların İnterneti"nə aid ən son cihazlar və yeniliklər, məsələn, "Microsoft HoloLens" və s. trendlər, məhsullar nümayiş olunur.

“Bakutel 2016”-nın açılış günündə şirkət dünyanın məşhur “Music Streaming” (musiqi axını) xidməti olan “Zvooq” əlavəsini rəsmi istifadəyə verib. “Azercell” müştəriləri ayda yalnız 3,5 manat abunə haqqı ödəməklə, “Zvooq” əlavəsi üçün mobil telefonun balansı vasitəsilə rahat ödəmə imkanı, musiqi yükləmə, oflayn rejimdə istifadə, reklamsız və ötürmə məhdudiyyəti olmadan HQ (yüksək keyfiyyətli) striminq və yükləmə təklifi qazanır.

Peşəkar inkişafla maraqlanan şəxslər eyni zamanda stenddə təklif olunan “Azercell Akademiyası”nın təhsil xidmətləri ilə tanış ola bilərlər. Gənc şirkətlər və sahibkarlar isə “Bakutel 2016” sərgisində öz yeni layihələrini təqdim edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyindən yararlana bilərlər.

“Virtual ATS” korporasiyalara düzgün vahid kommunikasiya sisteminin bütün faydalarını təklif edir. Şirkətin “Virtual ATS” xidməti bütün ofis və əməkdaşları bir ümumi şəbəkədə birləşdirir ki, bura həm mobil, həm də stolüstü telefonlar daxildir. “Virtual ATS” xidməti uzaq olan mobil istifadəçilərin şirkətlə əlaqəsini təmin edir.

Son xəbərlər

Orphus sistemi