Yuxarı
    Bağlamaq

    Azərbaycanlı erudit: Oyun o zaman yaxşı gedir ki, oyunçular bir-birinin gözünün parıldadığını görürlər

    Red Bull Azerbaijan “Missiya: Unlock Enoch” yarışı öncəsi zəka oyununun iştirakçısı Lalə Babayevadan müsahibə alıb

    Bakı. 16 yanvar. REPORT.AZ/ "Red Bull" qarşısına yeni bir məqsəd qoyub - dünyanın ən güclü “Mind Gamer”lərini tapmaq! Yeni layihəyə artıq start verilib və iştirakçı ölkələrin arasında Azərbaycan da var.

    "Report" "Red Bull Azerbaijan"a istinadən xəbər verir ki, hər ölkədən ən yaxşı nəticə göstərən komandalar irəli çıxacaq və 2017-ci ilin mart ayında Budapeştdə “Missiya: Unlock Enoch” Dünya Finalında yarışacaqlar. Orada komandalar kvant məntiqi əsasında və bənzəri olmayan “Escape Room”a daxil olacaqlar. Otaq Dr. Skott Nikolson və onun tələbələri Robert Durant, Sean Harrison və Kris Tenuta, həmçinin Ontarioda Brentford şəhərində yerləşən Vilfrid Universitetinin "BGNlab" laboratoriyası tərəfindən hazırlanıb və "Fox" tərəfindən qutuda istehsal ediləcək. Dünya qalibi olan komanda MİT Oyun Laboratoriyasının tapmaca (puzzle) dizayn şöbəsinə dəvət olunacaq.

    “Mind Gamer”lər əsas oyunlara hazırlaşarkən biz başqa bir zəka oyunun iştirakçısı ilə söhbət etdik. Lalə Babayeva məşhur “Nə? Harada? Nə zaman?” oyunun iştirakçısıdır və bizə beyini necə inkişaf etdirmək lazım olduğunu danışıb.

    “Nə? Harada? Nə zaman?” oyununda qalib gəlmək üçün ən vacib olan nədir - məntiq, yaxşı yaddaş, yoxsa yaxşı komanda?

    - Bütün bu sadaladığlarınız və bir neçə göstərici daha... Ağıl və erudisiyadan başqa, ehtiras və çox güclü qalibiyyət istəyi olmalıdır. Oyun, o zaman yaxşı gedir ki, oyunçular bir-birinin gözünün parıldadığını görürlər.

    - “Nə? Harada? Nə zaman?” oyunu həyatınıza necə təsir edir?

    - Bu oyun həyatımın bir parçasıdır. Artıq 12 ildir “Nə? Harada? Nə zaman?” oyunun idman versiyasında, 8 il isə televiziya versiyasında iştirak edirəm. Oyun asudə vaxtımın çoxunu alır və demək olar ki, bütün səyahətlərim “Nə? Harada? Nə zaman?” oyunun beynalxalq çempionatları ilə bağlı olur. Amma bütün bunlara baxmayaraq buna çox sevinirəm. Həyatımda qazandığım yaxın dostlar və tanışlıqlarıma elə bu oyuna borcluyam. Bu oyun sadəcə məntiqi düşünmək və çox oxumağı öyrətmir, oyun həyatı yaşamağı öyrədir. Qələbələr asan əldə edilmir, məğlubiyyətlər isə bizi irəli getməyə məcbur edir.

    Beyininizi necə məşq etdirirsiniz?

    - Hərdən mənə elə gəlir ki, beyini istirahət etməyə öyrətmək daha vacibdir. Mən çox zamanımı məşqlərə sərf etmirəm. “Nə? Harada? Nə zaman?”ın idman versiyası beyni tonusda saxlamağa çox kömək edir. Daim təzə bir şeylər öyrənmək istəyi isə öz üzərində inkişaf etməyə çox kömək olur. Amma düzünü deyim ki, çox vaxtı lazım olanı yox, marağımı cəlb edən kitabları, mətnləri oxuyuram. Və məntiqi məsələləri həll etməyi çox sevirəm.

    Ağıllı insan kimdir?

    - Ağıllı insan beynini düzgün istifadə etməyi bacaran insandır. “Nə? Harada? Nə zaman?” oyununda ağıllı odur ki, düzgün cavabları tapa bilir, məntiqli fikirləşməyi bacarır. Oyunda ağıldan başqa intuisiya, sürət və komandada oynamaq bacarıqları olmalıdır. Məsələn, elə ağıllı adamlar tanıyıram ki, onlar bir dəqiqəyə cavab fikirləşə bilməzlər, amma iki dəqiqəyə fantastik bir şey söyləyərlər.

    Cavabı bilmədikdə necə düzgün cavab vermək olar?

    - Cavabı yaratmaqla. Özündən ən məntiqli cavabı fikirləşmək və risk etməklə. Cavab düzgün ola bilər. Dünyada heç bir insan bütün sualların cavabını bilmir. Bu dünya hər birimizin subyektiv illüziyasıdır və biz sadecə elementar həqiqətlərin cavabını bilirik.

    "Red BullMind Gamers" haqqında nə fikirləşirsiz?

    - Bütün intellektual oyunları xoşlayıram. Bunu düzgün və maraqlı inkişaf istiqaməti kimi dəyərləndirirəm. Sevindiricidir ki, bu oyunlar həm təşkilatçıların, həm də oyunçuların marağını cəlb edə bilib.

    Ən yaxşı “Nə? Harada? Nə zaman?” oyunçusunun hansı bacarıqları olmalıdır?

    - Ən yaxşı “Nə? Harada? Nə zaman?” oyunçusu yığma bir obrazdır. Oyunçular arasında erudit var, fikir yaradıcısı, beyin ehtiyatı, dispetçer və komandanın ruhu. Bunların hamısını bir insan özündə toplaya bilməz, məhz buna görə “Nə? Harada? Nə zaman?” bir komanda oyunudur. Əgər oyunçu özünü hamıdan ən yaxşısı hesab edirsə, bu artıq mənfi bir haldır. Belə düşüncə inkişafı ləngidir. İdeal yoxdur və bu, möhtəşəmdir. 

    Beyninizi necə dincəldirsiniz?

    - Dostlarla vaxt keçirirəm, kitab oxuyuram və ya kino izləyirəm. Bunlar insanı gündəlik problemlərdən uzaqlaşdırır və başqa bir reallığa aparır. Bəzən rəsm çəkirəm, əvvəllər isə tennislə məşğul idim. İdman – istirahət etməyin ən faydalı yollarındandır. 

    Bir dəqiqə  çoxdur, ya azdır?

    - Vəziyyətdən asılıdır. Fövqəladə hallarda təbii ki, bir dəqiqə uzun bir zamandır. Bəzən saniyələr belə önəmlidir. “Nə? Harada? Nə zaman?” oyununda isə 1 dəqiqə optimal bir vaxtdır, amma bəzən düzgün cavab ağla 61-ci saniyədə gəlir.

    Hər bir sualın cavabını tapa bilərsiniz?

    - Tapa bilərəm, amma cavabım düzgün olacaqmı, bu artıq başqa bir sualdır.

    Sizcə, "Red Bull Mind Gamers"də bütün məsələləri həll edə bilərsiniz?

    - Yəgin ki, çoxunu həll edə bilərəm. Mən robot deyiləm, səhvlər edən adi insanam. Məncə, robot olmaq çox darıxdırıcıdır.

    Xatırladaq ki, "Red Bull Mind Gamers" Azərbaycan üzrə onlayn seçim mərhələsi davam edir.

    Yarışmaya qoşulmaq üçün bura keç http://win.gs/mgaze. Əlavə məlumat üçün- http://bit.ly/mgazevent

    "Report" İnformasiya Agentliyi "Red Bull Mind Gamers" intellektual yarışmasının əsas media tərəfdaşıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi