Yuxarı

Azərbaycanla Fransa arasında kosmik sənaye sahəsində əməkdaşlıq müzakirə edilib

Əli Abbasov və Paskal Mönye yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Fransanın fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb. İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində inamla irəlilədiyini qeyd edən nazir qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RİTN) mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, xüsusən kosmik sahədə əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu qeyd edən Ə. Abbasov Fransanın bu sahədə diqqətçəkən nailiyyətlər qazandığını, Azərbaycanın da bu zəngin təcrübədən yararlandığını bildirib.

Ə.Abbasov Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində ölkəmizin ilk süni peykinin fransız Kuru kosmodromundan geostasionar orbitə buraxıldığını, həmçinin yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın orbitə buraxılmasında fransız şirkətlərinin yaxından iştirak etdiyini xatırladıb, bu əməkdaşlığın növbəti kosmik layihələrdə də mümkün ola biləcəyini qeyd edib.

Azərbaycanla Fransa arasında qurulan əməkdaşlıqdan söz açan P.Mönye də münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəallığının artdığını qeyd edib. Azərbaycanın ilk və növbəti peykinin orbitə buraxılmasında Fransa şirkətlərinin iştirakından məmnunluq ifadə edən diplomat, uğurlu əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq olduğunu qeyd edərək, kosmik sənaye sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.

Daha sonra Ə.Abbasov diplomatik fəaliyyəti dövründə münasibətlərin inkişafında göstərdiyi səylərə görə P. Mönyeyə təşəkkür edib və səfirə yeni işlərində uğurlar arzulayıb. Münasibətlərin bundan sonra da yüksək dinamika ilə inkişaf edəcəyinə əminliyini bildirən diplomat isə ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi