Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanın ilk "Tier III" səviyyəli regional DATA mərkəzi (Məlumatların Emalı və Saxlanılması Mərkəzi - MESM) oktyabrın 10-dək istismara veriləcək. DATA mərkəzlərin sertifikatlaşdırılması sahəsində ixtisaslaşan ABŞ-ın “Uptime” İnstitutunun mütəxəssisləri avqustun 24-dən sertifikatlaşdırma mərhələsinə başlayacaq və bu proses təxminən bir həftə davam edəcək.
DATA mərkəzin ümumi enerji istifadəsi 2 meqavat, sahəsi isə 1000 kvadratmetrdir. İlkin mərhələdə, rəflərin sayı 200 olacaq. Məlumatların saxlama həcmi 30 petabayt, ötürülmə sürəti isə 10-100 GE (Gigabit Ethernet) təşkil edəcək.
Layihənin icrasında əsas hədəf MESM-i regional informasiya mərkəzinə çevirməkdir. Azərbaycanda "Tier III" səviyyəli MESM-in mövcudluğu regional bazarda marağı olan beynəlxalq operatorlar, o cümlədən ABŞ, Fransa, Almaniyanın tanınmış telekommunikasiya operatorları üçün səmərəli şərait yaradacaq. Eyni zamanda, regional mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlbinə xidmət edəcək. Bundan başqa, DATA mərkəzin bank və digər maliyyə qurumları tərəfindən istifadə olunması üçün tələb edilən PCİ DSS standartının tətbiqi reallaşacaq.
Mərkəzdə bütün istehlakçıların məlumatları - ən sadə məlumatdan daha mürəkkəbinə qədər, məlumatların həcmi və kateqoriyasından asılı olmayaraq, eyni dərəcədə - yüksək səviyyədə mühafizə olunacaq. Ehtiyatlılığın təmin edilməsindən başqa, biometrik nəzarət sistemindən başlayaraq təhlükəsizlik sensorları və fiziki nəzarət sensorları daxil olmaqla altı pilləli təhlükəsizlik sistemi yaradılacaq. Azərbaycan qanunvericiliyinə uyğun olaraq məlumatların toxunulmazlığına dair tam zəmanət verilir.