Yuxarı
    Bağlamaq

    Azərbaycanın ilk rabitə peykinin 2 illiyi qeyd olunur

    Hazırda peyk vasitəsilə 108-i əcnəbi, 13-ü yerli olmaqla 121 televiziya və 20 radio kanalı yayımlanır

    Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peyki "Azerspace-1"in orbitə buraxılmasının 2 ili tamam olur.

    "Report" "Azərkosmos" ASC-yə istinadən xəbər verir ki, ilk telekommunikasiya peyki Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada, Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən peykin texniki xüsusiyyətlərini əks etdirən sənədlərdə onun orbitdə yararlı ömrünün 15 il olduğu qeyd edilib. Lakin peykin uğurlu buraxılışı və orbitdə olduğu ötən iki il ərzində aparılan effektiv idarəetmə nəticəsində proqnozlaşdırılan ömür 16,7 ilədək artırılıb.

    Peykin operatoru "Azərkosmos" ASC-nin təsis edildiyi gündən etibarən fəaliyyət göstərdiyi dövr ərzində "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

    Hazırda "Azerspace-1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 108-i əcnəbi, 13-ü yerli olmaqla 121 televiziya və 20 radio kanalı yayımlanır.

    Qeyd edək ki, "Azərkosmos" Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Birləşmiş Krallıq, Almaniya, Avstriya, Misir, BƏƏ, Əfqanıstan, Livan, Yunanıstan kimi ölkələrdən olan müştərilərə peyk xidmətləri göstərir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi