Azərbaycanda xəstələr məsafədən müayinə oluna bilərlər

Azərbaycanda xəstələr məsafədən müayinə oluna bilərlər Ölkədə ən son tibbi innovativ mobil applikasiya tətbiq oluna bilər
İKT
14 Mart , 2017 19:55
Azərbaycanda xəstələr məsafədən müayinə oluna bilərlər

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanda tibb sahəsində yeni nəsil mobil tibbi applikasiya tətbiq oluna bilər. Belə ki, "Microsoft" şirkətinin təqdim etdiyi "Hololens" qurğusu vasitəsilə məsafədən xəstənin sağlamlığına nəzarət etmək, düzgün diaqnoz müəyyən edib, doğru müalicə təyin etmək mümkündür.

Bunu "Report"a "Microsoft"un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov bildirib.

"Hər bir sahədə güvəndiyimiz mütəxəssislər olur. Bu, tibb sahəsində də belədir. İndi əmək bazarı qloballaşır və insanlar xarici, xüsusən də işgüzar səfərlərə daha çox getməli olurlar. İntensiv iş həyat tərzi olduğundan tab gətirməli oluruq. Lakin bəzən orqanizm tab gətirmir, problemlər yaranır. Hər hansı bir problem yarandıqda istərdik ki, bizi yaxşı tanıyan həkimimiz yanımızda olsun. Proseslərə canlı müdaxilə etsin, digər ölkədə, şəhərdə olan həkimlərə anında məlumatlar ötürsün. Bir sözlə, şəxsin xəstəlik tarixçəsini bilsin. Bundan sonra, yerində olan həkimlər isə artıq səhv müayinə deyil, daha düzgün və dolğun kömək göstərə bilir. Daha sonra ilkin müayinə təyin edilir, öz həkiminin yanına qayıdana kimi bu proses o şəxsi müayinə edən həkimin nəzarətində olur. "Microsoft"un "Microsoft Hololens" reallığı əlavə edən virtual eynəkləri məhz bu prosesə kömək göstərir. Yerində olan həkim uzaq məsafədə olan həkimə bütün məlumatları canlı yayımda ötürür və eyni zamanda distanda olan həkim yerində olan həkimin gördüklərini belə canlı yayımda görür və birlikdə müzakirə edirlər. İnsan orqanizmi bunlar olmasa böyük problemlərlə üzləşə bilər. Məqsədimiz də bu problemlərin vaxtında aradan qaldırılmasıdır" -  S. Həşimov deyib.

O vurğulayıb ki, "Microsoft Azərbaycan" həmçinin insanların həkimin yanına son anda deyil, gündəlik həyatda işə, məktəbə qrafik şəkildə getdikləri kimi vaxtında müraciət etməyi aşılmaq istəyir: "Bu ənənə artıq Azərbaycanda yaranmağa başlayır. Bu istiqamətdə yaxından müzakirələr aparılır. Biz iri tərəfdaşlarımızı, yəni bu təcrübəni başqa ölkələrdə dəfələrlə tətbiq edib yekunlaşdıran tərəfdaşlarımızı Azərbaycana dəvət edirik. Azərbaycanda bu texnologiyaların daha dolğun, daha innovativ və hazırlıqlı sistemin qurulmasına imkan var".

Onun sözlərinə görə, Azərbaycan tərəfindən də yeni texnologiyaya böyük maraq var: "Təkcə informasiya texnologiyaları sahəsində deyil, eləcə də özəl klinikalar müasir innovasiyalara yiyələnmək istəyirlər. Bu da nikbin qarşılanır. Azərbaycanda çalışan, vətəndaşların qayğısına qalan tibb müəssisələrinin bu imkanlardan yararlanmasına çalışırıq."

Son xəbərlər

Orphus sistemi