Yuxarı

​Azərbaycanda startaplar arasında “Seedstars World” müsabiqəsinin seçimləri başlayıb

Seçimlər “Azercell Telecom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə aparılır

Bakı. 8 iyun. REPORT.AZ/ “Azercell Telecom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə azərbaycanlı startaplar arasında “Seedstars World” müsabiqəsinin yerli seçimləri başlayıb. 

Şirkətdən “Report”a verilən məlumata görə, iyunun 12-nə qədər davam edəcək seçim mərhələsinin qalibləri bu ümumdünya yarışmasında Azərbaycanı təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını qazanacaqlar.

İyunun 18-də Qafqaz Universitetinin Texnoparkında baş tutacaq seçimlərin final mərhələsində qalib gələn startap 2017-ci ilin mart ayında İsveçrədə Azərbaycanı təmsil etmək imkanı qazanacaq. Yarışma “Azercell”, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə yanaşı “Paşa Bank” və “QU Technopark”ın dəstəyi ilə keçirilir və “TechNote”da canlı yayımlanacaq.

“Azercell”in Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri, Barama Biznes İnkubatorun baş meneceri, ölkə üzrə müsabiqənin təşkilatçısı və “Seedstars”ın səfiri İmran Bağırov növbəti seçim mərhələsinə böyük ümid bəslədiyini deyib: “Seedstars qlobal və böyük bir icmadır ki, sahibkarlar, investorlar, sanaye mütəxəssisləri və digər maraqlı tərəflər üçün zəngin imkanlar açır. Ötən il “Seedstars” Bakı müsabiqəsinin qalibləri “Dronee” layihəsinin müəllifləri Tomi Piriyev və Maksim Piriyev seçildilər. “Dronee” layihə özündə “Hardware” platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur. Developerlər drona uyğun əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər”, deyən İmran Bağırovun sözlərinə görə, yarışmanın 1-ci mərhələsində “Seedstarsworld”ə müraciət üçün 65-dən çox ölkədən online forma qəbul olunur. “Seedstarsword”ün yerli əməkdaşları (Azərbaycanda- Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi) bu mərhələdə distürübütör kimi iştirak edir. Müraciətçilər online formanı 20 dəqiqə ərzində doldurmalıdırlar.

Daha sonra 1-ci mərhələdən seçilən 10-12 startup ölkədə təşkil olunan tədbirdə iştirak edib, juri və bu sahənin mütəxəssisləri qarşısında startuplarının təqdimatını keçirilər. Bu tədbir inverstorlar, şirkətlərin nümayəndələri, universitetlər və ekosistemin iştirakçılarını bir araya gətirir. Yerli yarışmanın qalibi seçilən startup qlobal “Seedstarsworld”də ölkəsini təmsil etmək üçün İsveçrəyə bütün xərclər qarşılanmaqla səyahət edir. 

Yerli seçimlər nəticəsində I yerin sahibi İsveçrədə dünyanın ən yaxşı startapı adını almaq uğrunda yarışacaq, II yerin qalibi hədiyyə olaraq “Huawei” cihazı, III yerin sahibi isə “Barama”dan hədiyyələr qazanacaq.

Qeyd edək ki, “Seedstars World” yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir. Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell” bu Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin “Seedstars” şirkəti ilə tərəfdaşlıq edir. Şirkətin strateji partnyorluq və müştəri kanallarının idarəedilməsi departamentinin rəhbəri İmran Bağırov “Seedstars World”un səfiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi