Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayında Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) şəbəkəsində genişzolaqlı rabitə xidmətlərinin göstərilməsini genişləndirmək üçün özəl provayderlər də nəzərə alınmaqla, ADSL avadanlıqlarının montaj tutumları 17 133 port artırılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, şəbəkənin xətt təsərrüfatında 6 480 cüt yeni xətt qurğuları tikilib və 106,76 km müxtəlif tutumlu optik kabellər çəkilərək istismara verilib.
Respublikanın regionlarında rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı ucqar kənd yaşayış məntəqələrində də əhalinin yüksək keyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə “Multimedia xidmətlərinin inkişafı” layihəsi icra edilməkdədir. Hesabat dövründə layihə çərçivəsində regionun 10 şəhər və rayonunda (Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər) 120-dən çox məntəqədə NGN texnologiyalı stansiya avadanlıqları istifadəyə verilib, 20 EATS-in tutumu artırılıb, 55 mindən çox nömrə, 10 min kanal, 104 min portdan çox ADSL tutumu istifadəyə verilib, 300 km-dən çox fiber-optik kabel xətləri çəkilib, 15 minə qədər abunəçi xətti tikilib.
8 EATS-in transmissiyası rəqəmli radio-rele avadanlıqları, 54 EATS-in transmissiyası fiber-optik multipleksor, 31 EATS-in bağlantısı media-konvertor vasitəsilə təşkil olunmaqla ümumilikdə 93 EATS-in xidmət ərazilərində informasiya texnologiyalarının inkişafı üçün zəruri infrastruktur yaradılıb və multimedia xidmətlərinin tətbiqinə başlanıb.
Bakı şəhər telefon şəbəkəsinə aid telefon nömrələrindən regionlarda yaşayan əhalinin istifadə etməsinə imkan verən “Daşınan telefon xidməti”istifadəyə verilib və 01.10.2015-ci il tarixə bu xidmətdən istifadə edən abunəçilərin sayı 1 000-i ötüb.
Bununla yanaşı, Azərbaycan respublikasında fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarının abunəçilərinin telefonlarını həm respublika daxilində, həm də dünyanın istənilən nöqtəsinə daşınması imkanı verən “Aztelefon” xidməti istismara verilib. Hesabat dövründə ümumilikdə sabit şəbəkə üzrə ADSL portlarının montaj tutumu 121 205 ədəd, istifadə tutumu isə 33 491 ədəd artıb.
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 69,01 ədəd təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir.