Yuxarı
    Bağlamaq

    Azərbaycanda Kosmik Tədqiqatlar Mərkəzi yaradılacaq

    Milli peyklər vasitəsilə toplanmış məlumatlar əsasında məqsədli elmi-innovativ layihələrin həyata keçirilməsi üçün Fəaliyyət Planı tərtib ediləcək

    Bakı. 29 aprel. REPORT.AZ/ "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramına və "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə çıxarılması nəzərdə tutulur". "Report" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın illik ümumi yığıncağında "Kosmik tədqiqatların Azərbaycanın inkişafında rolu və perspektivləri" mövzusunda elmi məruzəsini təqdim edərkən deyib.

    Nazir kosmik tədqiqatların multidissiplinar xarakter daşıdığını, kosmik uçuşlar və avtomatik aparatlar vasitəsilə həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bu tədqiqatlar Yerdən kosmosun, kosmosdan Yerin, həmçinin kosmosdan kosmosun araşdırılması istiqamətlərində aparılır: "Ölkədə kosmik tədqiqatlar Yerin kosmosdan tədqiqi, aerokosmik məlumatların tematik emalı texnologiyalarının yaradılması, kosmik təyinatlı cihazların və aparatların işlənməsi, məsafədən zondlamanın məlumat-ölçü komlpekslərinin yaradılması, zəlzələlərin proqnozlaşdırılması üçün seysmoloji kəşfiyyat sistemlərinin yaradılması, məsafədən zondlama verilənlərindən və GİS-texnologiyalarından istifadə etməklə müxtəlif təyinatlı monitorinqlərin aparılması metodları, e-xəritələrin işlənməsi və digər sahələri əhatə edir".

    Məruzəçi bildirib ki, müasir dövrdə kosmik tədqiqatların bir sıra aktual problemləri və prioritetləri var: "Həmin problem və prioritetlər cəmiyyətin, elmin, texnikanın bir çox sahələrini əhatə etdiyindən kosmik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi, imkanların və perspektivlərin gerçəkləşdirilməsi çox mühüm əhəmiyyətə malikdir. Kosmik texnologiyalar bu gün kommersiyalaşdırılır və dünyada kosmik xidmətlər bazarı formalaşdırılır. Həmçinin, ölkədə sosial, iqtisadi və digər mühüm əhəmiyyət kəsb edən problemlərin müasir yüksək texnoloji həllinə də imkan yaranır".

    Akademik bildirib ki, bu istiqamətlərdə Milli Aviasiya Akademiyası, Milli Aerokosmik Agentlik, AMEA-nın Geologiya və Geofizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanasında müəyyən tədqiqatlar aparılır.

    Məruzə dinlənildikdən sonra ümumi yığıncağın qərarı ilə bəyənilib.

    Kosmik tədqiqatların inkişaf perspektivləri, mövcud problemlərin həllində oynadığı mühüm rol nəzərə alınaraq AMEA-nın tədqiqatlarının prioritet istiqamətləri siyahısına daxil edilməsi, kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması üçün beynəlxalq laboratoriyaların yaradılması məqsədəuyğun hesab edilib. Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA-nın müvafiq elmi qurumlarının iştirakı ilə milli peyklər vasitəsilə toplanmış məlumatlar əsasında ölkənin strateji maraqlarına xidmət edən məqsədli elmi-innovativ layihələrin həyata keçirilməsi üçün Fəaliyyət Planının tərtib edilməsi, 2016-cı ildə “Kosmik tədqiqatların aktual problemləri” mövzusunda beynəlxalq konfransın təşkili, multidissiplinar kosmik tədqiqatların təşkili üçün AMEA-nın nəzdnində Kosmik Tədqiqatlar Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilməsi qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi