Azərbaycanda kiberhücumların sayı ildə 30% artır - YENİLƏNİB

Azərbaycanda kiberhücumların sayı ildə 30% artır - YENİLƏNİB Nazir Əli Abbasov: "Kiberhücumların 90%-i xaricdən həyata keçirilir"
İKT
14 May , 2015 14:31
Azərbaycanda kiberhücumların sayı ildə 30% artır - YENİLƏNİB

Bakı. 14 may.REPORT.AZ/ Azərbaycanın informasiya sistemlərinə kiberhücumların sayı orta hesabla ildə 30% artır.

"Report" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov Bakıda, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 150 iliyinə həsr olunmuş informasiya təhlükəsizliyinin multidissiplinar problemləri II respublika elmi-praktiki konfransda bildirib.

Kiberhücumların 90%-nin xaricdən olduğunu açıqlayan nazir əlavə edib ki, hər həftə istifadəçilərin təxminən iki min personal və planşet kompüterləri virusa yoluxur.

"Monitorinqlər göstərir ki, ölkənin əsas istifadəçilərinin cihazlarının 25%-i informasiya təhlükəsizliyi risklərinə məruz qalır. Kritik informasiya infrastrukturu, xüsusilə də elektrik təminatı, maliyyə sahəsi, rabitə sistemi, su təminatı, müdafiə və s. qarşı təhlükənin artması ilə əlaqədar dövlət üçün informasiya təhlükəsizliyinin təmin edilməsi prioritet istiqamətlərindəndir. Bu sahədə istər daxili, istərsə də xarici siyasət formalaşdırılıb", - deyə Ə.Abbasov qeyd edib.

Nazir deyib ki, bu məsələ bu gün dünyada ciddi hal alıb, sanki soyuq müharibənin yeni variantıdır: "Bu gün kiberhücumlar nəticəsində böyük informasiya resursları dağıdılır, bank, maliyyə strukturlarında müəyyən cinayətlər həyata keçirilir. Ona görə də Azərbaycan beynəlxalq aləmdə də tədbirlər həyata keçirir. Bütün bunlar bizim üçün önəm daşıyır. Çünki bir aydan sonra I Avropa Oyunları başlayır. Belə beynəlxalq səviyyəli tədbirdə çox yüksək avtomatlaşdırma, elektronlaşdırma mühiti var. Bununla əlaqədar olaraq bilir ki, müəyyən kiberhücumlar, informasiya təhlükəsizliyi nöqteyi nəzərdən təzyiqlər olacaq. Bundan qorunmaq üçün bir neçə layihə həyata keçirmişik və buna tam hazırıq. Bütün dövlət təhlükəsizlik strukturları, texnoloji sahədə məşğul olan strukturlar, həmçinin, xarici tərəfdaşlarımızla birlikdə Azərbaycanda Avropa Oyunlarının keçirilməsində kiberhücumlardan prinsipial ziyan görülməməsi üçün tədbirlər hazırlamışıq".

Son xəbərlər

Orphus sistemi