Azərbaycanda informasiya və yüksək texnologiyalar sektorunda gəlirlər 12% artıb

Azərbaycanda informasiya və yüksək texnologiyalar sektorunda gəlirlər 12% artıb Bu, müvafiq ümumdünya orta göstəricisindən təxminən 1,5 dəfə yüksəkdir
İKT
13 İyul , 2015 19:31
Azərbaycanda informasiya və yüksək texnologiyalar sektorunda gəlirlər 12% artıb

Bakı. 13 iyul. REPORT.AZ/ Cari ilin yanvar-iyun aylarında Azərbaycanın informasiya və yüksək texnologiyalar sektorunda əldə olunan gəlirlərin artımı 12% təşkil edib. Bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1,5 dəfə yüksəkdir. Telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 6% artıb, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib. "Report" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib. 

Nazir deyib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkə ərazisinin 100%-li 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində, hesabat dövründə, əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət verilib. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunub və beləliklə, Azərbaycan kəndlərinin 80%-i müasir standartlara cavab verən, həmçinin, genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasıya şəbəkəsinə qoşulub.

Hesabat dövründə, ümumiyyətlə, ölkə üzrə genişzolaqlı internet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilib. Bu gün ölkədə internet istifadəçilərinin sıxlığı təxminən 75%, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65%-dir.

Radio və televiziya yayımı infrastrukturunun inkişafında ölkə bu sahədə əsas vəzifəni – rəqəmli televiziya yayımına keçidi tam təmin edib: "İndi biz MTRŞ ilə razılaşdırıb analoq efiri dayandırmalı, kommersiya və xüsusi təyinatlı istifadə üçün çox vacib sayılan tezlikləri onlara ayırmalıyıq. Ümumiyyətlə, ölkədə radio və televiziya yayımında vəziyyət inkişaf etmiş ölkələr səviyyəsindədir. Bu gün rəqəmsal yerüstü yayım, kabel televiziyaları, peyk, rabitə şəbəkələri üzərində və İnternet radio və televiziyalar vasitəsi ilə əhalinin təkcə Azərbaycan yox, həmçinin yüzlərlə xarici teleproqramlara çıxışı təmin olunub".

Qeyd edək ki, ölkə və sərhədyanı ərazilərdə əsas tezliklər spektri boyu radiotexniki monitorinq sistemi hesabat dövründə tam qurulub istifadəyə verilib. İndi ölkənin istənilən coğrafi nöqtəsində həm mülki, həm də xüsusi təyinatlı tezliklərə müdaxilə olarsa, sistem müdaxilənin parametrlərini, o cümlədən daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatları haqqında operativ məlumatları uyğun təşkilatlara çatdırır.

Son xəbərlər

Orphus sistemi