​Azərbaycanda ilk dəfə "Imagine Cup" müsabiqəsi keçirilir

​Azərbaycanda ilk dəfə "Imagine Cup" müsabiqəsi keçirilir Qaliblərə 5-50 min dollar pul mükafatları təqdim olunacaq
İKT
6 Fevral , 2015 14:44
​Azərbaycanda ilk dəfə Imagine Cup müsabiqəsi keçirilir

Bakı. 6 fevral. REPORT.AZ/ Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı, "Microsoft Azerbaijan" şirkəti və “Nar Mobile” mobil rabitə operatoru "Microsoft Imagine Cup" innovasiya müsabiqəsinin milli seçim turunun başlanmasını elan edib.

“Report” xəbər verir ki, “Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir. Azərbaycanda sözügedən müsabiqə ilk dəfə təşkil olunur və milli seçim turu aprelin 23-dək davam edəcək. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar “Oyunlar”, “İnnovasiya” və “Dünya vətəndaşlığı” adlanan üç kateqoriya üzrə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun, “Microsoft” platforması üzərində innovativ proqram layihəsi və ya “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini hazırlamaq lazımdır.

Müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilər. Hər komanda eyni və ya müxtəlif universitetlərin 4 tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır.

Milli seçim turunun hər bir nominasiyasının qalibi ikinci turda – bu ilin may ayında onlayn keçiriləcək beynəlxalq yarımfinalda iştirak edəcək. Onlayn yarımfinalda qalib gələn komanda “Microsoft Imagine Cup” müsabiqəsinin yekun turunda – iyul ayında Sietl şəhərində (ABŞ) keçiriləcək finalda Azərbaycanı təmsil edəcək. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi