​Azərbaycanda elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş konfrans keçiriləcək

​Azərbaycanda elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş konfrans keçiriləcək “Elektron tibbin multidissiplinar problemləri” adlı konfrans mayın 24-də baş tutacaq
İKT
20 Aprel , 2016 18:38
​Azərbaycanda elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş konfrans keçiriləcək

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada elektron səhiyyənin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi, tibb işçiləri və pasiyentlərin İKT-nin imkanlarından istifadə etməklə ən son tibbi məlumatları əldə etmələrinin təmin olunması məqsədi ilə mayın 24-də AMEA Rəyasət Heyəti, Azərbaycan Tibb Universiteti (ATU) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək.

“Report”un AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna istinadən verdiyi xəbərə görə, bununla əlaqədar, ATU-da elektron tibbin multidissiplinar problemlərinə həsr edilən ilk konfransa hazırlıq məqsədilə dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri iştirak ediblər.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxışında vurğulayıb ki, ölkədə İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində "Elektron Azərbaycan" formalaşır: “Onun ayrı-ayrı seqmentləri (e-elm, e-təhsil və s.) meydana çıxır. Bunlardan biri də "elektron Səhiyyədir". Bu sahədə elektron tibbin elmi-nəzəri problemlərinin araşdırılması Azərbaycan elminin prioritet istiqamətlərindəndir. E-tibb XXI əsrin ən perspektivli sahələrindən biridir və müasir informasiya cəmiyyətinin aparıcı ölkələrinin mühüm nailiyyətləri məhz bu sahə ilə bağlıdır. Müasir dövrdə Azərbaycan elminin əsas elmi istiqamətlərindən biri kimi "e-Tibb"in müxtəlif problemlərinə diqqətin artırılmasına ehtiyac var. Bununla əlaqədar AMEA-nın Rəyasət Heyəti elektron tibbin multidissiplinar problemlərinə həsr edilkən ilk elmi-praktiki konfransının keçirilməsi haqqında qərar qəbul edib. Dünyada gedən qloballaşma prosesi, müasir texnologiyaların sürətli inkişafı tibdə informasiya texnologiyalarının tətbiqini zəruri edir. Bu baxımdan ekspert sistemlərin yaradılması, tibbi biliklərin tədrisi, tibbi informatikanın məzmununun müasir çağırışlara uyğunlaşdırılması, hər gün istehsal olunan informasiyanın toplanması, saxlanması, təhlili, qeyri-aşkar biliklərin meydana çıxarılması, konsaltinq xidmətləri göstərən sistemlərin yaradılması istiqamətində mühüm addımlar atılmalıdır”.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışında tibdə İKT-nin tətbiqi ilə bağlı maarifləndirici tədbir və treninqlərin keçirilməsi, ictimaiyyətin bu barədə məlumatlandırılmasının zəruriliyindən danışıb: “Gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi, tibb və İKT sahələri üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfrans böyük əhəmiyyətə malikdir”.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd ölkənin tibb və İKT sahələrində fəaliyyət göstərən elm və təhsil müəssisələrində aparılan tədqiqatların sistemləşdirilməsi, mövcud problemlərin həlli üçün birgə əməkdaşlıq, eləcə də informasiya cəmiyyəti kontekstində "e-Tibb"in çoxaspektli problemlərinin elmi ictimaiyyətə çatdırılmasıdır.

Son xəbərlər

Orphus sistemi