Azərbaycanda banklara qarşı İT tələblərə yenidən baxılacaq

Azərbaycanda banklara qarşı İT tələblərə yenidən baxılacaq Bankların rəqəmsallaşmaya hazırlıq səviyyəsi qiymətləndiriləcək
İKT
19 May , 2017 10:40
Azərbaycanda banklara qarşı İT tələblərə yenidən baxılacaq

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Bakıda “Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarə edilməsi” mövzusunda “Risklərin idarə edilməsi forumu” keçirilir.

"Report"un verdiyi xəbərə görə, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA - Accountants and Risk Professionals Association) təşkilatçılığı ilə keçirilən forumda Azərbaycanda fəaliyyət göstərən və ölkənin hüdudlarından kənarda risklərin idarə olunması, İT, bank və maliyyə sektorlarında kifayət qədər nüfuz qazanmış 30-dan artıq dövlət və özəl qurum, mötəbər reytinq agentlikləri, qlobal auditor şirkətlərindən 100-ə yaxın nümayəndə iştirak edir.

Forumda ölkənin maliyyə sektorunda İT risklərinin idarə edilməsi mövzusu geniş müzakirə olunaraq beynəlxalq standartlar və qabaqcıl təcrübə, elektron hökumət, maliyyə bazarları nöqteyi nəzərindən kibertəhlükəsizliyin hüquqi aspektləri, yoluxma xəritəsi və kibertəhlükəsizlik, maliyyə institutlarında layihələrlə bağlı texnoloji risklər və bu kimi digər məqamlara toxunulub.

Risk peşəkarları dialoq meydanında bu dəfə İT risk problemlərini maliyyə və İT sahəsində mütəxəssislərlə birlikdə müzakirə edərək qabaqcıl təcrübənin tətbiqi və Azərbaycan mühitinə uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ödəniş sistemlərinə nəzarət sektorunun böyük analitiki İlqar Hidayətov bildirib ki, banklara İT risklər üzrə tələblər toplusu göndərilib. Tələblərə işçi stansiyalar, veb-təhlükəsizlik, xəbərdarlıq sistemi, məlumat kanallarının şifrələnməsi və s. daxildir. Digər tələblər isə yeniliklərin tətbiqi, yoxlamalar və testlərin aparılması, əməkdaşların İT sahəsndə məlumatlandırılması ilə bağlıdır.

Toplantıda qeyd olunub ki, banklarda effektivliyi artıran rəqəmsallaşma İT arxitekturasına zərurət yaradacaq. Banklarda rəqəmsallama ilə bağlı mövcud durumu araşdırmaq üçün Palatada məsul işçi qrupu yaradılaq və bankların rəqəmsalaşamaya hazırlığı qiymətləndiriləcək: "İT qaydalarına dəyişikliklər həyata keçiriləcək. Banklarda rəqəmsallaşmanın sürətlənməsi dəstəklənəcək. Banklara qarşı irəli sürülən İT tələblərə yenidən baxılacaq".

"Hazırda əsas işlərdən biri də bank olmayan ödəniş xidməti təhcizatçılarının fəaliyyətinin tənzimlənməsidir. Bu sahədə yeni qanunvericilik bazasının hazırlanması üçün işlər görülür. Beynəlxalq təcrübəyə əsaslanmaqla risklərin idarə edilməsi üzrə daxili tələblər irəli sürüləcək. Bu gün qanunvericlik bazası geniş olmasa da, ölkədə ödəniş xidməti göstərən şirkətlər var. Hədəflərdən biri, bu təşkilatarın fəaliyyətinin tənzimlənməsidir", - deyə İ.Hidayətov bildirib.

Son xəbərlər

Orphus sistemi