​Azərbaycanda Açıq Hökumət Məlumatlar Portalının təqdimatı keçirilib

​Azərbaycanda Açıq Hökumət Məlumatlar Portalının təqdimatı keçirilib Tədbirdə yeni mobil əlavələrin hazırlanması müsabiqəsi də elan olunub
İKT
14 Yanvar , 2015 11:57
​Azərbaycanda Açıq Hökumət Məlumatlar Portalının təqdimatı keçirilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə "E-government 3.0 – Açıq hökumət, açıq məlumatlar, açıq servislər" mövzusunda Açıq Hökumət Məlumatlar Portalının (data.gov.az) təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə öz çıxışında elektron hökumətin vətəndaşlara təqdim etdiyi xidmətlər, həmçinin elektron imzanın istifadə sayının artması, Açıq Hökumət Məlumatlar Portalının xidmət və əhəmiyyəti, yeni nəsil şəxsiyyət vəsiqələri haqqında danışıb.

Tədbirdə RYTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Nail Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Dövlət Gömrük Komitəsi Statistika və informasiya texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev, "GoldenPay" şirkətinin təsisçisi Fərid İsmayılzadə, "Happy Baku" şirkətinin rəhbəri Vüsal İsayev də çıxış ediblər.

Sonda e-hökumət portalının operatoru data.gov.az açıq məlumatlarından istifadə etməklə "Bax, isifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsi elan olunub. Aprel ayının 15-dək davam edəcək bu müsabiqəyə qatılmaq üçün data.gov.az saytında təqdim edilən məlumatlar və servislərdən istifadə edərək sosial əhəmiyyətli mobil proqramlar yaradıb, müsabiqəyə təqdim etmək lazımdır. Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə şəxsiyyət vəsiqəsi ilə www.e-gov.az portalında qeydiyyatdan keçməli, materialları göndərərək qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat martın 15-dək aparılacaq. Materialların son qəbul olunma tarixi isə aprelin 15-dir.

Müsabiqənin şərtlərinə görə, ilk yeri qazanan şəxsə 2 000 manat, ikinci yerə 1 000 manat, üçüncü yerin sahibinə isə 500 manat məbləğində mükafat veriləcək.

Qeyd edək ki, Açıq Hökumt Məlumatları azad şəkildə, heç bir məhdudiyyət qoyulmadan istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə olunan, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, diaqram və s.), paylaşılan məlumatlardır. Bu məlumatlar mobil proqramların hazırlanmasında istifadə üçün nəzərdə tutulur və bütün əməliyyat sistemləri tərəfindən oxuna bilən formatda olmalıdır. 

Son xəbərlər

Orphus sistemi