Yuxarı

Azərbaycan və Türkiyə birgə kosmik tədqiqatlara dair razılıq əldə edib

​“Azərkosmos”, Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında üçtərəfli görüş keçirilib

Bakı. 21 may. REPORT.AZ/ Kosmik tədqiqatlar sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə layihələrinin təşkil olunmasına, onların dəstəklənməsinə və gələcəkdə əməkdaşlığın inkişafına dair razılıq əldə olunub.

"Report"un “Azərkosmos"a istinadən verdiyi xəbərə görə, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində təşkilatın əməkdaşları, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) Kosmos Texnologiyaları Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) təmsilçiləri arasında üçtərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan üçün kosmik sənayenin inkişafının əhəmiyyətindən və bu sahədə Elmin İnkişafı Fondunun kosmos tədqiqatları sahəsində yerli kadr hazırlığına xüsusi önəm verməsi də qeyd olunub. 

Üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilmiş görüşdə, TÜBİTAK UZAY-ın nümayəndələri "Rasat" peykinin əməliyyat seqmentləri, kosmos və astronomiya tədqiqatları, TÜBİTAK UZAY-ın peyk layihələri mövzusuna həsr olunmuş təqdimatlar ediblər.

Görüşün sonunda ən son texnoloji vasitələrə, müasir təchizata və yüksək təcrübəli alim və mühəndis heyətinə malik olan TÜBİTAK UZAY, elmi və digər qurumların (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.) elmi fəaliyyətini stimullaşdıran və onlara əlavə yaradıcılıq imkanı yaradan Elmin İnkişafı Fondu və “Azərkosmos” arasında peyklərin idarə olunması istiqamətində, kosmik tədqiqatlar sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə layihələrinin təşkil olunmasına, onların dəstəklənməsinə və gələcəkdə əməkdaşlığın inkişafına dair razılıq əldə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi