Yuxarı

Azərbaycan və Rusiya nüvə enerjisindən müştərək istifadə üçün kadr hazırlığına dair razılıq əldə edib

Azərbaycanla Rusiya nüvə enerjisindən müştərək istifadə üçün razılaşdı

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC (MNTM) və Rusiyanın “Rosatom” dövlət nüvə enerjisi korporasiyası arasında nüvə enerjisindən müştərək istifadə üçün kadr hazırlığına dair niyyət protokolu imzalanıb.

“Rosatom”dan “Report”a verilən məlumata görə, sənədi Soçi şəhərində keçirilən “Atomexpo-2019” beynəlxalq forumu çərçivəsində MNTM-in sədri Adil Qəribov və “Rosatom"un prezidenti Aleksandr Merten imzalayıb.

Protokolda azərbaycanlı gənclərin Rusiyanın nüvə elmləri sahəsinə aid ali məktəblərində təhsil alması, eləcə də mütəxəssislərimiz üçün qonşu ölkədə ixtisasartırma kurslarının təşkil edilməsi öz əksini tapıb. Tərəflər həmçinin birgə fundamental və tətbiqi elmi araşdırmaların keçirilməsi, birgə elmi simpozium və konfransların təşkili, habelə müştərək layihələrin məhsulu olan elmi kəşflərin tətbiqi barədə razılığa gəliblər.

Qeyd edək ki, iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlıq əlaqələri çərçivəsində azərbaycanlı gənclər 3 ildir ki, Rusiyanın qabaqcıl ali məktəblərində dinc nüvə enerjisilə bağlı ixtisaslara yiyələnmək imkanı əldə ediblər. Belə ki, Rusiyanın Milli Nüvə Tədqiqatları Universitetinə 2017/2018-ci tədris ilində 5 nəfər, bu il isə 3 nəfər azərbaycanlı abituriyent tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi