Yuxarı

Azərbaycan və Koreya İKT-ni prioritet əməkdaşlıq istiqaməti seçib

Bu ölkənin nümayəndə heyəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyində görüş keçirib

Bakı. 20 noyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycanla tərəfdaşlıq strategiyasının hazırlanması ilə əlaqədar ölkədə səfərdə olan Koreya Strategiya və Maliyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

RYTN-dən "Report"a daxil olan xəbərə görə, görüşdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İKT sahəsinin prioritet istiqamət kimi ölkənin gələcək iqtisadi inkişaf hədəflərində, o cümlədən “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas yer aldığını qeyd edib.

Nazir müavini bildirib ki, iqtisadiyyatın İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, ixracyönümlü məhsul və xidmət istehsalının genişləndirilməsi məqsədilə ölkədə yüksək texnologiyalar parklarının fəaliyyətinin təşkili üzrə məqsədyönlü işlər aparılır, elektron hökumətin formalaşdırılması uğurla davam edir. Bu sahələrdə əməkdaşlıq və Koreyanın qabaqcıl təcrübəsinin öyrənilməsinin tərəfdaşlıq üçün faydalı ola biləcəyi diqqətə çatdırılıb.

Koreya Strategiya və Maliyyə Nazirliyinin (SMN) nümayəndə heyətinin rəhbəri, SMN-in Beynəlxalq inkişaf siyasəti İdarəsinin direktoru Han Cunq da ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi diqqət verdiyini və 2016-2020-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasında bunun əks olunduğunu bildirib. Sənəd layihəsində İKT sahəsinin prioritet istiqamətlərdən biri kimi daxil edildiyi qeyd olunub. 

Daha sonra Koreya nümayəndə heyəti tərəfindən hazırlanmış təqdimata baxış keçirilib, sənəd layihəsinə dair fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi