Yuxarı
    Bağlamaq

    Azərbaycan rusiyalı alimi qızıl medalla təltif edib

    Tədbirdə nazirlər və digər yüksək vəzifəli şəxslər iştirak ediblər

    Bakı. 24 iyun. REPORT.AZ/ Fizik, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki Roald Saqdeyevə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) qızıl medalı təqdim edilib. Bununla bağlı bu gün AMA-da təqdimetmə mərasimi keçirilib.

    "Report" xəbər verir ki, tədbirdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, müdafiə sənayesi naziri Yavər Camalov, AMEA prezidenti Akif Əlizadə, Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, AMEA-nin İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

    AMA-nın prezidenti, akademik Arif Paşayev Azərbaycanda kosmik sənayenin inkişafı istiqamətində görülən işlərdən danışaraq Roald Saqdeyevin bu sahəyə verdiyi töhfələri xüsusilə qeyd edib. A.Paşayev R.Saqdeyevin xidmətlərinin Azərbaycanda yüksək qiymətləndirildiyini və qızıl medalın bu xidmətlərə verilən dəyərin təzahürü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

    R.Saqdeyev Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini qeyd edib. O, "Azərkosmos"un uğurlu layihə olaraq bir modelə çevrildiyini qeyd edərək Azərbaycanın dünyanın kosmik ölkələri sırasında əhəmiyyətini qeyd edib. Ölkənin telekommunikasiya peykinin verdiyi üstünlükləri qeyd edən R.Saqdeyev bundan sonra da Azərbaycan xalqı üçün hər zaman əlindən gələn köməkliyi etməyə hazır olduğunu söyləyib.

    Sonra "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev şirkətin fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib.

    Bundan sonra tədbir iştirakçıları Azərbaycanda kosmik sənayenin inkişaf vəziyyəti və prioritetlər istiqamətində müzakirələr aparıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi