​Azərbaycan nüvə texnologiyalarının tədqiqində Pakistanın təcrübəsini öyrənə bilər

​Azərbaycan nüvə texnologiyalarının tədqiqində Pakistanın təcrübəsini öyrənə bilər Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov NESCOM sədri ilə görüşdə bu haqda müzakirələr aparıb
İKT
25 Avqust , 2015 13:47
​Azərbaycan nüvə texnologiyalarının tədqiqində Pakistanın təcrübəsini öyrənə bilər

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Pakistan Milli Mühəndislik və Elm Komissiyasının (NESCOM) sədri Məhəmməd İrfan Börninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində görüş keçirilib. Nazirlikdən "Report"a daxil olan xəbərə görə, görüşdə ölkələr arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan xoş münasibətlərin formalaşdığını deyən nazir Əli Abbasov Azərbaycan-Pakistan münasibətlərinin inkişafında İKT və yüksək texnologiyalar sahəsinin xüsusi yer tutduğunu qeyd edib, bu sahədə aparılan islahatlar və həyata keçirilən layihələrdən söz açıb.

Xüsusən Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyalarının tədqiqi, nüvə energetikası sahəsində aparılan işlərdən danışan nazir sözügedən istiqamətlərin Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyətində prioritet xətt təşkil etdiyini vurğulayıb. Pakistanla yeni əməkdaşlıq istiqamətlərinə də toxunan Ə.Abbasov əməkdaşlığın nüvə tədqiqatları ilə yanaşı, kosmik və yüksək texnologiyalar sahələrində də genişləndirilməsinə maraq göstərildiyini nəzərə çatdırıb.

M.İ.Börni də Azərbaycanla Pakistan arasında tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, dostluq zəminində davam edən bu münasibətlərin daim qorunub saxlanmasına hər iki ölkənin böyük önəm verdiyini ifadə edib. NESCOM sədri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yaradılmış "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-də baş tutan görüşdən və təsisatla tanışlıqdan da söz açaraq, Azərbaycanda nüvə texnologiyalarının inkişafına Pakistanın öz zəngin təcrübəsi ilə töhfə verə biləcəyini bildirib. Əlaqələrin daha da dərinləşməsində maraq göstərilən sahələri dəstəklədiklərini qeyd edən pakistanlı qonaq insan kapitalının formalaşdırılması, proqram təminatı, kibertəhlükəsizlik həlləri istiqamətləri üzrə əməkdaşlığın qurulmasını da vacib sayıb.

Daha sonra Pakistan Milli Mühəndislik və Elm Komissiyası ilə yeni sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib, həmçinin tərəfləri maraqlandıran digər suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi