Yuxarı
    Bağlamaq

    Azərbaycan genişzolaqlı rabitə xidmətləri bazarını liberallaşdıracaq

    Bu, beynəlxalq zənglərin orta qiymətlərini 48%, genişzolaqlı şəbəkə qiymətlərinin isə 32% düşməsinə imkan verə bilər

    Bakı. 30 dekabr. REPORT.AZ/ Hazırda Azərbaycanda sabit şəbəkədə genişzolaqlı xidmətlərin 50%-dən çoxu azsaylı bazar subyektləri tərəfindən təqdim edilir. Genişzolaqlı şəbəkə bazarının liberallaşdırılması ölkədə rabitə əlaqəsinin gücləndirilməsi istiqamətində əsas təkanverici amillərindən biri ola bilər.

    "Report"un xəbərinə görə, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

    Sənəddə bildirilir ki, beynəlxalq təcrübədə dünya ölkələri bazarlarda rəqabət mühiti yaratmaqla, iştirakçıların paylarının effektiv tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirir. Buna görə də Azərbaycanın telekommunikasiya bazarında müşahidə edilən meyillər bu trendə orta və uzunmüddətli perspektivdə uyğunlaşdırılmalıdır. Region ölkələrində sabit genişzolaqlı xidmət üzrə yüksək xüsusi çəkiyə malik bazar iştirakçılarının bazar payları 2010-2015-ci illərdə azaldığı halda, Azərbaycanda belə iştirakçılar öz abunəçi bazasını genişləndirməklə, bu göstəricini 2010-cu ildəki 40%-dən 2015-ci ildə 66%-dək artırıb.

    "Beynəlxalq təcrübəyə əsasən, bazarın liberallaşdırılması xidmətlərin qiymətlərinin optimallaşmasına, investisiya qoyuluşlarının həcminin və xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Bazar iştirakçıları arasında liberallığın artırılması, rəqabət mühitinin təkmilləşdirilməsi beynəlxalq zənglərin orta qiymətlərinin 48%, genişzolaqlı şəbəkə qiymətlərinin isə 32% aşağı salınmasına imkan verə bilər. Beynəlxalq təcrübədə liberallaşdırma həyata keçirildikdən sonra beynəlxalq zənglərin həcminin 32-104% aralığında artdığı, qiymətlərin isə 30-90% aralığında azaldığı müşahidə edilib. Bununla yanaşı, müəyyən edilib ki, beynəlxalq şlüzlər üzərində yüksək xüsusi çəkiyə malik iştirakçıların üstün mövqeyə malik olduğu ölkələrdə qanunsuz daxil olan trafik ümumi beynəlxalq trafikdə 30-60% aralığında paya malikdir və bu da, öz növbəsində, vergidən yayınmalarla müşayiət olunur", - deyə sənəddə yazılıb.

    Strateji Yol Xəritəsində göstərilən məqsədlərə çatmaq üçün konkret layihə hazırlanacaq və həmin layihənin həyata keçirilməsi üçün tələb edilən investisiyanın həcmi müəyyənləşdiriləcək. Layihənin icrası məqsədilə digər stimullaşdırıcı tədbirlərlə yanaşı, yerli və xarici investorların cəlb edilməsi üçün daha əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində də tədbirlər görüləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi