Yuxarı

​Azərbaycan bulud texnologiyalarına keçid prosesini sürətləndirəcək

Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin illik hesabatında əks olunub

Bakı. 22 iyul. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən illik hesabat nəşr olunub. "2014-cü ildə sektor üzrə qəbul edilmiş qərarları nazirliyin son 10 illik fəaliyyətinə verilmiş yüksək qiymət və 2015-ci ili bizim üçün yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə etmək olar”. "Report" xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bu fikri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - 2014” adlı illik hesabatda yer alıb.

“Ölkə Prezidentinin müvafiq aktları ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb, Əsasnaməsi təsdiq olunub və bununla da yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilib, qarşıya mühüm vəzifələr qoyulub. 2003-2013-cü illəri əhatə edən Milli Strategiyanın uğurlu icrasından sonra 2014-cü ildə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib və ölkədə informasiya cəmiyyətinin inkişafı üzrə prioritet istiqamətlər və hədəflər müəyyənləşdirilib. 2014-cü ildə Azərbaycan yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinə -“Azersky”a sahib olub və bununla da ölkə fəzada iki peykə malikdir. Növbəti müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması üzrə işlər davam etdirilir. Eyni zamanda yüksək texnologiyaların potensialının artırılması, innovativ və texnoloji tutumlu məhsulların istehsalı və dəstəklənməsi üzrə tədbirlər uğurla davam etdirilir”, - deyə Ə.Abbasov hesabatda qeyd edib.

Hesabatda müxtəlif istiqamətlər, o cümlədən “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi: ötən 10 il və yeni mərhələnin başlanğıcı”, “Yeni Milli Strategiya: 2020-ci ilə qədər qarşıda duran vəzifələr”, “Tənzimləmə fəaliyyəti”, “İnfrastrukturun inkişafı və layihələr”, “Sektorun inkişafının iqtisadi və sosial nəticələri”, “Elektron hökumətin inkişafı”, “Dövlət orqanlarında informasiya sistemlərinin və elektron xidmətlərin tətbiqi”, “İnformasiya təhlükəsizliyi”, “İKT-nin cəmiyyətdə tətbiqi”, “Beynəlxalq əməkdaşlıq yeni müstəvidə”, “Azərbaycanda İKT: beynəlxalq təşkilatların hesabatlarında”, “2015-ci il: qarşıda duran vəzifələr” yer alıb. Qarşıda duran vəzifələrə kosmik sənayenin və peyk infrastrukturunun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, genişzolaqlı internet və müasir rabitə infrastrukturunun yaradılmasını nəzərdə tutan layihələrin icrasına başlanılması, rəqəmli yayımın ölkə ərazisini tam əhatə etməsi və analoq yayımın dayandırılması, informasiya cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi üzrə işlərin davam etdirilməsi, e-xidmətlərə çıxış imkanlarının artırılması, e-xidmətlərin tətbiq sahəsinin və mobil hökumət tətbiqlərinin genişləndirilməsi, yüksək texnologiyalar sahəsində elmi tədqiqatların aparılması üzrə işlərə dəstək verilməsi, bulud texnologiyalarına keçid prosesini sürətləndirəcək “Tier 3” səviyyəli Data Mərkəzin istifadəyə verilməsi və s. daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi