Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda dövlət qurumlarının informasiya sistemlərinin monitorinqinə başlanılıb

    İlk öncə monitorinq Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Ədliyyə Nazirliyində keçirilib

    Bakı. 9 oktyabr.REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Ədliyyə Nazirliyində müvafiq informasiya sistemlərinin monitorinqləri keçirilib.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirliyin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən dövlət qurumlarında müvafiq monitorinqlərin keçirilməsinə başlanılıb. Monitorinqin keçirilməsində başlıca məqsəd dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində (İS) fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" qanunun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, eyni zamanda İS-lərinin "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılmasıdır.

    Artıq MHM-in işçi qrupu tərəfindən Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Ədliyyə Nazirliyində müvafiq informasiya sistemlərinin monitorinqləri keçirilib və həmin qurumların mülkiyyətçisi olduğu İS-lərin mövcud qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılıb.

    Digər dövlət qurumlarında analoji monitorinqlərin keçirilməsi tərtib edilmiş qrafikə uyğun planlaşdırılır. Monitorinq zamanı qurumların İS-ləri və ehtiyatları yerində öyrənilir və monitorinqlər başa çatdıqdan sonra digər dövlət qurumları tərəfindən bir sıra elektron xidmətlərin göstərilməsi üçün həmin quruma məxsus İS-lərin "Elektron hökumət” portalına qoşulması və uyğun servislərin verilməsi, eyni zamanda əksinə, həmin qurumun digər dövlət qurumlarının uyğun servislərinə qoşulması üçün konkret təkliflər hazırlanacaq.

    Monitorinqlərin əsas məqsədi həm də informasiya ehtiyatlarının qanunvericiliklə müəyyən edilmiş şəkildə toplanılması, mühafizə edilməsi və digər dövlət qurumlarına "bir pəncərə" prinsipi əsasında ötürülməsinə nəzarət, çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üçün təkliflərin və tələblərin hazırlanmasından ibarətdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi