Yuxarı

​Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Çində keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edəcək

Nazir Əli Abbasov digər ölkələrlə müvafiq sahələr üzrə əlaqələrin inkişafı və yeni əməkdaşlıq imkanlarını da müzakirə edəcək

Bakı. 10 sentyabr.REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sentyabrın 10-12-də Tiançin şəhərində (Çin) keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyatda tətbiqi, innovativ sahibkarlıq, xüsusilə də İKT-nin inkişafı, yüksək texnologiyaların iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi məsələlər müzakirə olunacaq.

Sammit çərçivəsində iştirakçılara Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və əldə olunmuş nailiyyətlər haqda ətraflı məlumat təqdim ediləcək, müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq, həmçinin Azərbaycan üçün prioritet hesab olunan və BMT-nin Baş Assambleyasının qətnamələri ilə siyasi dəstək almış Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və rəsmi Bakının təşəbbüsü ilə yaradılan Avrasiya Rabitə Alyansı (Eurasian Connectivity Alliance - EuraCA) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılması ilə bağlı danışıqlar aparılacaq.

Tədbir zamanı panel iclaslarda iştirak etməklə yanaşı, Ə.Abbasov digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək və ölkələr arasında müvafiq sahələr üzrə əlaqələrin inkişafı və yeni əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Bundan əlavə, nazir BMT-nin baş katibi yanında yaradılan Genişzolaqlı İnkişaf üçün Komissiya ilə birlikdə 2015-ci il yanvarın 22-də Davosda keçirilməsi planlaşdırılan sessiyaya hazırlıq və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə bu ilin dekabrın 2-də Bakıda keçiriləcək “Bakutel-2014” sərgi-konfransı ilə bağlı müzakirələrdə iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi