​“Asan İmza” Polşada keçiriləcək “EFPE 2016” konfransında təqdim ediləcək

​“Asan İmza” Polşada keçiriləcək “EFPE 2016” konfransında təqdim ediləcək Konfransda xidmətin fəaliyyəti və nailiyyətləri təqdim olunacaq
İKT
2 İyun , 2016 19:08
​“Asan İmza” Polşada keçiriləcək “EFPE 2016” konfransında təqdim ediləcək

Bakı. 2 iyun. REPORT.AZ/ Bu il iyunun 9-10-da Polşanın Şetsin şəhərində elektron etimad xidmətləri, elektron imza, açıq açar infrastrukturu və elektron identifikasiya kimi mövzulara həsr edilmiş ən böyük beynəlxalq konfranslardan biri olan elektron imzaya dair XVI Avropa Forumu (EFPE 2016) baş tutacaq.

“B.EST Solutions” şirkətindən "Report"a daxil olan məlumata görə, builki EFPE konfransının başlıca mövzusu elektron mühitdə identifikasiya və etimad xidmətləri (eIDAS) – vahid sərhədlərarası rəqəmsal bazarın üstünlüklərinə həsr ediləcək. Tədbirin təşkilində məqsəd bütün elektron identifikasiya elementlərinin qarşılıqlı olaraq tanındığı müştərək beynəlxalq elektron mühitin formalaşdırılması və inkişafıideyasının dəstəklənməsi, eləcə də Avropa regionunda elektron idarəetmə xidmətlərinin qarşılıqlı fəaliyyətinə zəmin yaradan zəruri şərtlərin təmin edilməsi ətrafında müzakirələrin aparılmasından ibarətdir.

Konfransa dəvət edilmiş məruzəçilərin sırasında Avropa Komissiyasının, Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI), BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyasının (UNCITRAL), GSMoperatorlarının beynəlxalq assosiasiyasının (GSMA),“AdobeSystems” şirkətinin və digər nüfuzlu təşkilatların nümayəndələri yer alacaq. Ümumilikdə, tədbirə elektron etimad xidmətlərindən istifadə edən dövlət qurumlarını və özəl təşkilatları, proqram və aparat həlləri təminatçılarını, eləcə də elektron imza və elektron identifikasiya ilə əlaqədar xidmətlər təqdim edən sertifikasiya mərkəzlərini təmsil edən 200-dək iştirakçının qatılacağı gözlənilir.

Konfransın işində iştirak edəcək “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe öz məruzəsində Azərbaycanın innovativ mobil elektron imza texnologiyası olan “Asan İmza” xidmətinin nailiyyətlərini təqdim edəcək. Çıxışı zamanı o,həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üçün hazırlanan elektron sənəd dövriyyəsi sistemi və “Asan İmza” xidmətinin bu sistemə inteqrasiyasına dair pilot layihə barədə də məlumat verəcək. “ISESCO BESTDOC PORTAL” adlandırılacaq portal xüsusi olaraq ISESCO üçün Azərbaycanın “Asan İmza” və “Asan ID” mobil və elektron identitetlərinin bazasında hazırlanmış universal “ISESCO ID” rəqəmsal identitet alətinin köməyilə fəaliyyət göstərəcək və ISESCO-ya üzv olan ölkələr üçün sənəd dövriyyəsini təkmilləşdirmək məqsədilə hazırlanmış vahid elektron mühit çərçivəsində fəaliyyət imkanı yaradacaq. Platformadan istifadə etməklə “ISESCO ID & m-ID” aləti vasitəsilə istifadəçilərin gücləndirilmişautentifikasiyası və imza səlahiyyətlərinin təsdiqi, sənədlərin elektron imzalanması, saxlanması və sistemin digər istifadəçiləri ilə paylaşılması mümkün olacaq.

Y.Krimpenin məruzəsi konfransın “Etimad xidmətləri və elektron identifikasiya – beynəlxalq təcrübə və inkişaf istiqamətləri” paneli çərçivəsində baş tutacaq. Sözügedən paneldə həmçinin Polşa, Norveç, Finlandiya, Avstriya, Almaniya, Belçika, İngiltərə, Çin, Ukrayna və Qazaxstan kimi ölkələrin analoji təcrübələrinə nəzər salınacaq.

Qeyd edək ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. “B.EST Solutions” şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir. Xidmət təminatçıları üçün tətbiqinin asanlığı və son istifadəçi üçün əlçatanlılığının yüksək olması bir qayda olaraq beynəlxalq müstəvidə “Asan İmza” texnologiyasına yüksək maraq yaradır.

“Asan İmza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkəti digər elektron xidmət təminatçıları ilə birgə Azərbaycanı dünyada mobil imzanın istifadəsinin ən yüksək olduğu ölkəyə çevirməyi hədəfləyir. 

Son xəbərlər

Orphus sistemi