Yuxarı

AMEA: İyunun 30-da dünya saatına 1 saniyənin əlavə olunması problem yaratmayacaq

Analoji problem 2000-ci ildə daha böyük narahatlığa səbəb olub

Bakı. 22 iyun. REPORT.AZ/ İyunun 30-da dünya saatına 1 saniyə əlavə olunması ilə bağlı İKT mütəxəssislərinin müzakirəsinə səbəb olan narahatlıq, həmin gün kompüterlərdə yarana biləcək problemlərin necə həll edilməsi istiqamətindədir. “Report” məsələ ilə bağlı ölkənin bir sıra İKT mütəxəssislərinin münasibətini öyrənib. 

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) sektor müdiri Babək Nəbiyev deyib ki, bu hadisə 1972-ci ildən baş verir və o vaxtdan artıq 25 dəfə olub, bu 26-sıdır. Bu, Yerin öz oxu ətrafında fırlanması prosesinin yavaşlaması nəticəsində baş verir. Statistikaya görə, son min il ərzində artıq 10 dəqiqə gecikmə var.

"Yerin öz oxu ətrafında fırlandığı prosesdən fərqli olaraq, bir də dünyada insanlar tərəfindən koordinasiya olunmuş vaxt var. Bu iki vaxt arasındakı məsafə 0,9 saniyədən yuxarı və ya bu məsafəyə yaxın olduğu halda yeniləmə prosesi aparılır, bu əlavə mənfiyə də, müsbətə də gedə bilər. Lakin indiyə kimi mənfiyə getməyib, ancaq müsbətə doğru olub", - B.Nəbiyev bildirib.

Sektor müdirinin sözlərinə görə, bu hadisə kompüter sistemlərinə müəyyən formada təsir göstərəcək, amma bu, əvvəldən bilinən problem olduğu üçün servislər, kompüter mərkəzləri və s. buna hazırdır, yəni narahatlığa dəyəcək bir problem olmayacaq. Oxşar problem 2000-ci ildə, minillik dəyişən zaman yaşanıb. O zaman məsələ aktual idi, hətta sözügedən hadisəni “2000-ci ilin problemi” adlandırırdılar.

“50-100 il əvvəl saniyənin elə də ciddi əhəmiyyəti olmasa da, artıq naviqasiya sistemləri, təyyarə uçuşları, hərbi sistemlər, kompüter sistemləri, pul dövriyyəsi, birjalar və s. var, bunlarda isə nəinki hər bir saniyə, hətta mikro, nano saniyənin belə dəyəri var”, - sektor müdiri vurğulayıb.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə "Report"a bildirib ki, məsələ ilə bağlı qabaqcadan atılacaq addım bilinirsə, bunun üçün texniki, texnoloji tərəfdən qabaqlayıcı tədbirlərin görülməsi də gözləniləndir, baş verən hadisə forsmajor deyilsə, hansısa problem olmamalıdır: "2000-ci ildə fərqli, amma eyni qəbildən hadisə olmuşdu. Əvvəldən böyük hay-küy yaratdılar, nəticədə bu hay-küydən qazananlar yenə İKT şirkətləri oldu, indi də böyük panikaya səbəb yoxdur".

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi informasiya cəmiyyəti inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev deyib ki, aidiyyəti şöbələrdə olan məlumata görə, heç bir problem olmayacaq, bunun üçün xüsusi iclas və s. təşkil olunmayıb, əvvəldən gözlənilən hadisə olduğu üçün belə bir problemin olacağı gözlənilmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi