Almaniyalı "start-up"çı: "BBF-də çox peşəkar ab-hava yaradılıb" - FOTO

Almaniyalı "start-up"çı: "BBF-də çox peşəkar ab-hava yaradılıb" - FOTO "İnsanlar ancaq inkişaf haqqında danışırlar"
İKT
19 Dekabr , 2016 14:01
Almaniyalı start-upçı: BBF-də çox peşəkar ab-hava yaradılıb - FOTO

Bakı. 19 dekabr. REPORT.AZ/ “Baku Business Factory”də (BBF) “coworking” bölməsindən istifadə edən almaniyalı Mişel Oliver Helmsin ( Michel Oliver Helms) “Report”a müsahibəsi.

- “Baku Business Factory”ni (BBF) necə kəşf etdiniz?

- Mən “coworking” məkanı axtarırdım. Buna görə də “google”da axtarış aparırdım. Axtarışlarımın nəticəsi olaraq bir neçə fərqli məkan tapdım ki, onlardan biri də BBF idi. Burada həqiqətən də çox gözəl insanlar çalışır və mən layihəmi inkişaf etdirməyim üçün çox böyük imkan əldə etdim.

- Artıq bir neçə gündür ki, BBF-də “coworking” bölməsindən istifadə edirsiniz. İlkin təəssüratlarınız maraqlıdır - BBF təcrübəsi sizin fərdi inkişafınıza və layihənizin daha da irəliləməsinə necə təsir edəcək?

- Həqiqətən də burada çox peşəkar ab-hava yaradılıb. Mən isə belə mühitdə çalışmağı çox sevirəm. İnsanlar məsələyə diqqətlə yanaşırlar. Heç də səs-küylü və darıxdırıcı ortam deyil. Burada hamı internet üzərindən maraqlı müzakirələr aparır. Həmçinin, başqa komandalarla ideya mübadiləsi etmək üçün də mükəmməl şərait yaranıb. Mən də öz layihəmlə bağlı müzakirələr aparıram. Bu isə mənim üçün çox böyük əhəmiyyətə malikdir.

- Mümkündürsə öz layihəniz barədə məlumat verin...

- Mənim layihəm insan resursları (HR) ilə bağlıdır. Biz iş mühitində HR-dan səmərəli istifadə üçün çalışırıq.

- Adətən insanlar hansısa işə başlamazdan əvvəl bu işlə bağlı gözləntiləri olur. Maraqlıdır, sizin BBF-də olmazdan qabaq gözləntiləriniz nə idi və nəyə nail oldunuz?

- Bu bir həftə ərzində gördüklərim onu deməyə əsas verir ki, BBF-in fəaliyyəti çox gözəldir. İnsanlar ancaq inkişaf haqqında danışır. İnsanların işlədikləri layihələr üzərində iddialarla çıxış etməsi çox yaxşı haldır.

- Sonda istərdim Azərbaycanın “start-up”ları haqqında soruşum. Azərbaycana səfərinizdən öncə yerli “start-up”lar haqqında məlumatınız var idimi?

- Açığı deyim ki, səfərdən əvvəl yerli “start-up”lar haqqında məlumatım yox idi. Amma indi onlardan bəziləri haqqında məlumatlıyam. Belə “start-up”lardan ikisini bizim yanımızda əyləşən komandalar reallaşdırır. Onlardan biri sağlamlıq turizmi (healthcare tourism) ilə bağlı “start-up”dır. Bu, xəstəliyi olan şəxslərin Türkiyə, İsveçrə və başqa ölkələrə səfərlərinin təşkilini özündə ehtiva edir. Beləliklə də sağlamlıq turizminin yaratdığı imkanlardan yüksək səviyyədə yararlanmaq mümkün olur. Digər “start-up” ideya isə evdə hazırlanan məhsulların internet vasitəsi ilə satışının təşkili ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi