Yuxarı

ABŞ, Çin və Fransa şirkətləri "Azerspace-2" peykinə iddialıdır

Bu ilin ortasınadək tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır

Bakı, 23 aprel.REPORT.AZ/ Bu gün “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq, “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair “Azərkosmos” ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təkliflər zərfləri açılıb. 

"Azərkosmos" ASC-dən "Report"a verilən məlumata görə, açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın Orbital ATK və Space Systems Loral, Çinin China Great Wall Industry Corporation və Fransanın Airbus Defence and Space şirkətləri daxildir. Bu ilin ortasınadək tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır.

Qeyd edək ki, "Azerspace-2"nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı (Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri) əhatə edəcək. "Azerspace-2" regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1"in orbitdəki ehtiyatı olacaq və "Azərkosmos"a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin "Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi