Yuxarı
    Bağlamaq

    “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramı ağacəkmə aksiyası keçirib

    Ceyranbatan Su Anbarı ərazisində reallaşan aksiyada 500 ədəd ağac əkilib

    Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) və BP şirkətinin birgə tərəfdaşlığı ilə fəaliyyətə başlayan “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramı ağacəkmə aksiyası keçirib.

    “Report”un məlumatına görə, aksiya “Bakı 2017” Könüllülərinin sosial fəallığını artırmaq, eləcə də təbiətimizin qeydinə qalmaq və cəmiyyətimiz üçün sağlam yaşamı vəd edən ekoloji mühit təmin etmək uğruna ətrafı yaşıllaşdırmaq məqsədi ilə təşkil edilib.

    Ceyranbatan Su Anbarı ərazisində keçirilən ağacəkmə aksiyasına 50 nəfəri könüllü olmaqla, ümumilikdə 100 nəfər qatılıb. “Bakı 2017” Könüllülərinin xüsusi fəallığı ilə baş tutan aksiyanın sonunda 500 ədəd ağac əkilərək ətraf mühitin mühafizəsinə töhfə verilib.

    Könüllülərdən başqa, IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran Hüseynov, eyni zamanda idmançı səfirlər – Bakı 2015 Avropa Oyunlarının, həmçinin, yüngül atletika üzrə yeniyetmələr arasında keçirilmiş Avropa Çempionatının qızıl medal mükafatçısı Nazim Babayev, boksçular Aynur Rzayeva və Leyla Cavadova də bu tədirə qatılıblar.

    Ulduz səfir Hacı Nuran ağacəkmə aksiyası ilə bağlı öz fikirlərini bildirərkən deyib ki, ətraf mühitin qorunması üçün sosial tədbirlərin həyata keçirilməsi təşəbbüsü çox təqdirəlayiq hadisədir. O, İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri olaraq, belə bir önəmli aksiyaya dəstək olmaqdan məmnunluq duyduğunu qeyd edib.

    Beləliklə, bu tədbirin həyata keçirilməsi ilə həm “Bakı 2017” Könüllülərinin sosial fəaliyyətinin artmasına nail olunub, həm də təbiətə qayğı hissinin aksiya iştirakçılarına verdiyi həvəs və məsuliyyət hissi sayəsində gələcək nəsillərə təmiz, eyni zaman təhlükəsiz bir mühitin irs qoyulması adına əhəmiyyətli bir addıma imza atılıb.

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi