Yuxarı
    Bağlamaq

    Ruslan Abışov: "İslamiadada minimum vəzifə qrupdan çıxmaq olmalıdır"

    Əsas məqsədimiz odur ki, rəqibləri ciddi təhlil edərək, oyunlaradək yaxşı hazırlıq keçək

    Bakı. 6 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının səfiri Ruslan Abışov 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqiblərini dəyərləndirib. 

    Otuz yaşlı müdafiəçi "Report"a açıqlamasında İslamiadada çətin qrupa düşdüklərini bildirib.

    Onun sözlərinə görə, A qrupundakı rəqiblərdən Kamerun və Mərakeş çox güclü futbol məktəbləri olan millilərdir: "Bu komandalar barədə çox yaxşı məlumatlıyam. Çünki əsas yığmaları hər zaman iddialı və yaxşı futbolçulara malik olub. İnanıram ki, hər 3 komandanın Bakıya gələcək heyətlərində də elə futbolçular olacaq ki, yaşlarının az olmalarına baxmayaraq, səviyyələri ilə seçiləcəklər. Səudiyyə Ərəbistanı yığması barədə o qədər də məlumatlı deyiləm".

    R.Abışovun fikrincə, minimum vəzifə qrupdan çıxmaq olmalıdır: "Hələ hər şey qabaqdadır. Qarşıda bir ayadək vaxt var. Əsas məqsədimiz odur ki, rəqibləri ciddi təhlil edərək, oyunlaradək yaxşı hazırlıq keçək. Ən əsası, meydana özümüzə inanaraq çıxmalıyıq. Minimum vəzifə qrupdan çıxmaq olmalıdır. Heç bir rəqibdən çəkinmək lazım deyil. Bu, futboldur. Futbolda hər şey olur. İnanıram ki, millimiz üçün hər şey yaxşı olacaq".

    Bir müddətdir zədədən əziyyət çəkən təcrübəli futbolçu formasını tezliklə bərpa etməyə çalışacağını söyləyib: "Düzdür, qarşıda 4 tur var. Hələ çempionat davam edir. Futbolda hər şey ola bilər. Maksimum çalışacağam ki, formamı tezliklə bərpa edim və dəvət olarsa, milliyə kömək edim".

    Qeyd edək ki, İslamiadada futbol yarışlarında 8 komanda mübarizə aparacaq. B qrupunda Fələstin, Oman, Əlcəzair və Türkiyə yer alıb. Qrup oyunları mayın 8-də start götürəcək. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpazlama üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi