Yuxarı
    Bağlamaq

    IV İslam Həmrəyliyi Oyunlarının "su səyahəti" Astarada davam etdirilib - FOTO

    Yarışların rəmzi hesab edilən su səhəngi Ərçivan qəsəbəsindəki yanar bulaqda doldurulub

    Astara. 9 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarının "Xəzərdən başlayan su səyahəti" Naxçıvandan sonra Astara rayonunda davam etdirilib.

    "Report"un Cənub bürosunun xəbərinə görə, yarışların rəmzi hesab edilən su səhəngi Astara rayonunun Ərçivan qəsəbəsindəki yanar bulaqda doldurulub.

    Mayın 12-də Bakıda baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində stadiona aparılacaq saf suyu bulaqdan rayonu təmsil edən atletlər - sərbəs güləş üzrə dünya çempionatının bürünc medalçısı Əliabbas Rzazadə, sərbəst güləş üzrə əməkdar idman ustası Məhərrəm Ağayev, şahmat və riyazi biliklər həvəskarı Mirrahil Ağayev götürüb. Tədbirin davamı olaraq axşam saatlarında rayonun sahil bulvar kompleksində lazer və su şousu keçiriləcək.

    “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Paklıq və birlik rəmzi olan su İslamda mühüm amildir və onun Xəzər dənizinin sahilində yerləşən Bakı üçün də xüsusi əhəmiyyəti var. Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə uşaqlar xüsusi mərasim çərçivəsində mis qabı su ilə dolduracaqlar. Prezident İlham Əliyevin göndərdiyi Xəzərin suyu ilə yanaşı, götürüləcək digər sular sonradan axşam festivalında təqdim olunacaq. Azərbaycan musiqisi və rəqsləri, möhtəşəm su effektləri və əlvan atəşfəşanlığı ilə zəngin olan bu tədbirdə hər kəs iştirak edə biləcək. “Xəzərdən başlayan səyahət” 37 gün davam edəcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi