Yuxarı
    Bağlamaq

    IV İslam Həmrəyliyi Oyunlarını yayımlayacaq telekanalların adları açıqlanıb

    Yarışlar 34 ölkənin tamaşaçılarına təqdim ediləcək

    Bakı. 12 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi yarışları 34 ölkənin tamaşaçılarına təqdim edəcək hüquq sahibləri ilə yayım razılıqlarını elan edib. Komitədən “Report”a verilən məlumata görə, sövdələşməyə əsasən, hüquq sahibi olan bütün yayım şirkətləri oyunlarla əlaqədar yayım materiallarından eksklüziv istifadə hüququna malik olacaqlar. 

    Onlar müvafiq olaraq, 12 may və 22 mayda Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış mərasimlərini, Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanı canlı yayımlaya, Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik, eləcə də Oyunlar haqqında iki saatlıq proqram hazırlaya bilərlər.

    Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətləri IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər.

    TV Media Sport (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri – Kot dİuvar (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavrikiy (MBC) və Burkina-Faso (RTB) Oyunlardan canlı yayımların və proqramların yayınlanması ilə bağlı öhdəlik götürüb.

    “Bakı 2017” Əməliyyat Komitəsi eyni zamanda Türkiyənin aparıcı yayım şirkəti TRT ilə də razılıq müqaviləsi imzalayıb. Bununla da, 2021-ci ildə keçirilməsi planlaşdırılan V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Türkiyə Bakıda keçiriləcək oyunları canlı izləmək imkanı əldə edəcək.

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 -22 mayda Bakıda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi