Yuxarı
    Bağlamaq

    İslamiadanın idmançı və ulduz səfirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib

    Rəsul Çunayev İslamiadada iştirakının hələ dəqiqləşmədiyini bəyan edib

    Bakı. 8 fevral. REPORT.AZ/ 2017-ci il İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

    "Report"un məlumatına görə, tədbirdə əməkdar artist Tünzalə Ağayeva, futbolçu Ruslan Abışov, karateçi İlahə Qasımova, güləşçi Rəsul Çunayev iştirak edib.

    Onlar əvvəlcə səfir kimi fikirlərini bölüşüblər. R.Abışov bu xəbəri eşidəndə çox sevindiyini deyib: "Mənə etimad göstərənlərə minnətdaram. Bir səfir kimi bütün tədbirlərdə, layihələrdə idmançı yoldaşlarımla iştirak etməyə çalışacağam. İslam Həmrəyliyi Oyunlarında idmançılarımızdan qızıl medallar, yüksək təşkilatçılıq gözləyirəm. Həm səfir, həm də futbolçu kimi milliyə dəstək olmağa çalışacağam. 23 yaşdan yuxarı 3 futbolçunun komandada olmasına icazə verilib. Onların arasına düşməyi hədəfləmişəm".

    R.Çunayev İslamiadada iştirakının hələ dəqiqləşmədiyini, bunun seçmə turnirlərdən asılı olduğunu bildirib. O, Oyunların təbliği məqsədilə keçiriləcək bütün tədbirlərə qatılacağını söyləyib: "Özünə hörmət qoymalısan ki, sənə də hörmət etsinlər. Mən də idmançılar arasında olmağa çalışacağam".

    Yunan-Roma güləşçisi proqnoz verməyi xoşlamadığını, idmançıların layiqincə çıxış edəcəklərinə inandığını söyləyib.

    İ.Qasımova isə səfir kimi gəncləri idmana həvəsləndirməyə, idmançı qismində isə Azərbaycan bayrağını ucaltmağa çalışacağını açıqlayıb: "Öz üzərimə düşən işi yüksək səviyyədə yerinə yetirmək, tədbirlərdə iştirak etmək niyyətindəyəm. 12 karateçi ilə təmsil olunacağıq. Hamıdan medal gözləyirik".

    T.Ağayeva isə ulduzların təkcə şou-biznesdə deyil, bütün sahələrdə olduğunu vurğulayıb. Müğənni səfir kimi indiyədək könüllülərlə daha çox çalışdığını və bundan həvəslənərək, İslam Həmrəliyi Oyunlarına həsr olunmuş mahnı yazacağını açıqlayıb. O, mahnıda idmançıların yer almasını arzuladığını əlavə edib.

    Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi