Yuxarı
    Bağlamaq

    İslamiadanın açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

    Azad Rəhimov: 54 ölkənin iştirakına sevinməyə bilmərik© Report.az

    Bakı. 11 may. REPORT.AZ/ Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.

    “Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri, İslamiadanın Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdul Aziz Al-Nassar, İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybunn, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak ediblər.

    A.Rəhimov bildirib ki, İslamiadanın Bakıda keçirilməsi qürurvericidir. Nazir Liviya, Sudan və Küveytin Oyunlarda iştirak edə bilməmələrinə təəssüfləndiyini qeyd edib: “Növbəti 11 gün ərzində 50-dən çox ölkənin idmançıları yarışlarda iştirak edəcəklər. Əfsuslar olsun ki, Liviya, Sudan və Küveyt İslamiadada iştirakdan imtian ediblər. Bu, bizi məyus etsə də, ümumilikdə 54 ölkənin iştirakına sevinməyə bilmərik. Yarışlar 4 qitədə yayımlanacaq və 1.3 milyard insan izləyəcək”.

    O, Açılış mərasimi ilə bağlı məşqlərdən razı qaldıqlarını da bildirib. Nazir deyib ki, mərasim çox zövqlə hazırlanıb. Kompozisiyalarda İslam dünyasının rəmzləri, adət-ənənləri, dəyərləri öz əksini tapıb.

    İHİF-nin baş katibi isə çıxışı zamanı Oyunlarda 3 mindən çox idmançının Odlar Yurdundan yarışacağını qeyd edib. O, bildirib ki, Azərbaycanın tükənməz dəstəyi də Oyunlara öz töhvəsini verəcək: “Bununla əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirirəm. Həmçinin, gənclər və idman naziri Azad Rəhimova, MOK-a, Əməliyyat Komitəsinə təşəkkür edirəm. Azərbaycan prezidenti cənab İlham Əliyevin qətiyyəti yarışların yüksək səviyyədə təşkilinə imkan yaradıb”.

    MOK-un vitse-prezidenti Azərbaycanın yarışlarda 500 nəfərdən çox heyətlə iştirak edəcəyini vurğulayıb: “Artıq komanda idman növlərində yarışlara start verilib. İlk nəticələr də sevindiricidir”. 

    O, rəqibləri elə də yaxşı tanımadıqları üçün proqnoz verməkdə çətinlik çəkdiklərini açıqlayıb. Ç.Hüseynzadə bildirib ki, hədəf birinci olmaqdır: “Avropa Oyunlarda ilk “3-lüy”ə düşməyi planlaşdırırdıqsa, bu dəfə ilk sırada qərarlaşmaq istəyirik. Hər halda, "Bakı-2015"dən çox medal qazanacağıq”.

    “İndi 46 ölkə atletlər kəndində məskunlaşıb. Bu gün isə daha 8 ölkənin gəlişini gözləyirik”. Bunu isə İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva deyib.

    Qeyd edək ki, İslamiadanın Açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi