Yuxarı
    Bağlamaq

    İslamiada öncəsi sınaq xarakterli ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı start götürüb

    Tofiq Heydərov: Təşkilatçılıq baxımından ən yüksək səviyyəyə iddialıyıq

    Bakı. 2 mart. REPORT.AZ/ Bu gün ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. 

    "Report"un məlumatına görə, Ağır Atletika Akademiyasında keçirilən tədbirdə federasiyanın vitse-prezidenti Tofiq Heydərov çıxış edib.

    T.Heydərov yarışların keçirilməsində məqsədlər, ölkə idmanının inkişafı və bir neçə digər mövzuya toxunub. O, ölkənin bütün bölgələrindən 150-yə yaxın ağırlıqqaldıranın qüvvəsini sınadığı çempionat IV İslam Oyunlarına sınaq xarakteri daşıdığını bildirib: “Çempionatı izləməyə gələn hər kəsi salamlayıram. Bu, 2017-ci ildə təşkil etdiyimiz 3-cü ölkədaxili yarışdır. Aşkar görünür ki, təşkilatçılıq baxımından ən yüksək səviyyəyə iddialıyıq. Atletlərimizə maksimum məşq, istirahət və yarış şəraiti yaradaraq beynəlxalq yarışlarda uğur qazanmalarına çalışırıq. Bu çempionat bizi qarşıda gözləyən Avropa çempionatı, Tailandda yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya birinciliyi, əsasən də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına sınaq xarakteri daşıyır. Bununla yanaşı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi də öncül istəklərimizdəndir. Azərbaycanda ağır atletika həmişə böyük ənənələrə malik olub, inkişaf üçün dəstək nümayiş etdirilib. Biz də bu istiqaməti davam etdiririk. Əminik ki, atletlərimiz beynəlxalq yarışlarda uğurlar qazanacaq, ölkəmizi layiqincə təmsil edəcəklər. Federasiya rəhbərliyinə, prezident Cahangir Əsgərova dəstək və etimadına görə təşəkkür edirəm”.

    Çempionatda artıq ilk yarış qrupu arxada qalıb. Qadınlar qalibləri Sinkleyr cədvəli üzrə müəyyənləşdiriblər. Qızıl medala qazaxlı atlet Elnarə Abbasova sahib çıxıb. O, birdən və təkanla hərəkətlərin cəmində 190 kq (84 kq + 106 kq) nəticə və 250.47 Sinkleyr xalı ilə bütün rəqiblərini üstələyib.

    Gümüş medalı isə qalibdən çox cüzi fərqlə geridə qalan Səbinə Əzimova qazanıb. O, toplam 167 kq (73 kq + 94 kq) nəticə və 250.06 xalla kifayətlənib və fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bürünc medal toplam 170 kq (75+95) nəticə və 230.92 xal toplayan sumqayıtlı atlet Firuzə İbrahimovaya qismət olub.

    Qeyd edək ki, kişilər, qadınlar və veteranlar arasında keçirilən Azərbaycan çempionatına martın 3-də yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi