Yuxarı
    Bağlamaq

    İslamiada: İkinci yarış günündə Azərbaycanın həndbol yığmaları fərqli nəticələr göstəriblər

    Bakı. 10 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün həndbol yığmaları 2-ci turun oyunlarını keçiriblər.

    "Report"un məlumatına görə, kişilərin mübarizəsində Azərbaycan milli komandası Səudiyyə Ərəbistanına uduzub. İlk yarıda 5 top fərqi uduzan Hikmət Abdullayevin baş məşqçi olduğu komanda fasilədən sonra fərqin böyüməsinə əngəl ola bilməyib. A qrupunun digər görüşündə Əlcəzair Pakistanı darmadağın edib. 2 turdan sonra Səudiyyə Ərəbistanı 4 xalla qrupa başçılıq edir, Əlcəzair və Azərbaycan hərəyə 2 xalla 2-3-cü yerləri bölüşür. Sonuncu pillədəki Pakistan xalsızdır. Qrupda son turun görüşlərində Azərbaycan Əlcəzairlə, Səudiyyə Ərəbistanı Pakistanla qarşılaşacaq.

    B qrupunda Türkiyə İraqı çətinliklə, Mərakeş İordaniyanı açıq fərqlə yenib. Bununla da 2 turdan sonra Türkiyə 4 xalla liderliyi ələ alıb. İraq və Mərakeş hərəyə 2 xalla 2-3-cü yerləri bölüşür. Xalı olmayan İordaniya sonuncudur. Qrupda son turun oyunlarında Türkiyə İordaniyanı, Mərakeş İraqı sınağa çəkəcək.

    Qadınların mübarizəsində isə Azərbaycan yığması Özbəkistana böyük fərqlə qalib gəlib. Türkiyə isə Kamerunu çətinliklə yenib. 2 turdan sonra hərəyə 4 xala malik Azərbaycan və Türkiyə qrupa başçılıq edirlər. Kamerunla Özbəkistanın xalı yoxdur. Mayın 11-də keçiriləcək son turda Azərbaycan Türkiyə ilə, Kamerun Özbəkistanla qarşılaşacaq.

    İslamiada

    Həndbol, 2-ci tur

    10 may

    Kişilər

    A qrupu

    09:00. Əlcəzair - Pakistan - 47:24 (20:8)

    20:15. Azərbaycan - Səudiyyə Ərəbistanı - 31:38 (14:19)

    B qrupu

    11:15. Türkiyə - İraq - 35:33 (17:19)

    18:00. İordaniya - Mərakeş - 16:27 (6:15)

    Qadınlar

    A qrupu

    13:30. Kamerun - Türkiyə - 31:33 (16:19)

    15:45. Özbəkistan - Azərbaycan - 21:47 (9:23)

    Qeyd edək ki, ilk turda Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvafiq olaraq, Pakistanı (43:36) və Kamerunu (28:26) məğlub edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi